I rübdə Səngəçal terminalından BTC neftinin ixracı 8 %-dək artıb

Energetika
  • 04 may, 2023
  • 12:21
I rübdə Səngəçal terminalından BTC neftinin ixracı 8 %-dək artıb

Bu ilin yanvar-mart aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 56 milyon bareldən çox neft və kondensat ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2022-ci ilin birinci rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu, 2022-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 1 milyon barel və ya 1,75 % azdır.

Rüb ərzində o cümlədən 55 milyon bareldən çox neft Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da ötən ilin ilk üç ayı ilə müqayisədə 4 milyon barel və ya 7,84 % çoxdur.

Yanvar-mart aylarında 1 milyon barel neft Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 milyon barel və ya 83,3 % azdır.

Terminaldan həmçinin gündəlik orta hesabla 73 milyon kubmetrdən çox (təqribən 2 milyard 583 milyon kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2 milyon kubmetr və ya 2,8 % çoxdur.

Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən AÇG və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti