İraq neft hasilatını rekord həddə çatdırıb

İraq neft hasilatını rekord həddə çatdırıb Neft ixracı isə 18% artıb
Energetika
11 Aprel , 2016 12:46
İraq neft hasilatını rekord həddə çatdırıb

Bakı. 11 aprel. REPORT.AZ/ İraqda neft hasilatının həcmi mart ayında rekord həddə çatıb və gündəlik 4,55 mln. barel təşkil edib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, fevralda İraqın neft hasilatı 4,46 mln. barel/gün olub. Beləliklə, martda hasilat fevral ayı ilə müqayisədə 2% artıb. Məlumatı İraq Dövlət Neft Şirkəti (SOMO) yayıb. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, yanvarda bu ölkədə neft hasilatı 4,43 mln. barel/gün olub.

İraqın neft ixracı isə mart ayında 3,81 mln. barel/gün təşkil edib. Qeyd edək ki, bu, fevral göstəricisindən 580 min barel/gün və ya 17,9% çoxdur. Beləliklə, İraqın ixracının 500 min barel/gün artması ABŞ-da şist neft hasilatında martdakı 600 min barel/günlük azalmanı örtüb.

Qeyd edək ki, aprelin 17-də Dohada neft hasilatçısı ölkələrinin toplantısı keçiriləcək. İclasda əsas müzakirə mövzusu neft hasilatının dondurulması və ya azaldılması məsələləri olacaq. "The Wall Street Journal"ın ekspertləri bildiriblər ki, hasilatın dondurulması barədə razılaşmanın əldə edilməsi real görünmür. Çünki bir çox hasilatçı ölkə neft istehsalını yaxın illərdə artırmağı planlaşdırdığını bildirib. Belə ki, bu ilin III rübündə hasilatın 5%, 2020-ci ilə qədər 33% artacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi