​İraq gündəlik neft ixracını maksimal həddə çatdırıb

​İraq gündəlik neft ixracını maksimal həddə çatdırıb Analitiklərin fikrincə, bu xəbər İranın neft hasilatını genişləndirməsi məsələsindən daha vacibdir
Energetika
5 Avqust , 2015 10:24
​İraq gündəlik neft ixracını maksimal həddə çatdırıb

Bakı. 5 avqust. REPORT.AZ/ İraq gündəlik neft ixracını maksimal səviyyəyə qədər artırıb. "Deutsche Bank"dan verilən məlumata görə, hazırda İraqın neft ixracı OPEC-in gündəlik kvotasından 920 min barel artıqdır. İraq, bu mənada gündəlik kvotadan 1,67 mln. barel artıq neft ixrac edən Səudiyyə Ərəbistanından geri qalır.

"Report" xəbər verir ki, "JPMorgan" bankının analitiklərinin fikrincə, İraqın neft ixracını artırması potensialı sanksiyalardan sonra İranın yaxın perspektivdə neft hasilatını genişləndirməsi məsələsindən daha vacibdir. Son xəbərlərə görə, İran neft ixracını artırmaq istiqamətində fəaliyyətini gücləndirir. Belə ki, Hindistanın energetika naziri Dxarmendra Pradxan gələn həftə İrana səfər edəcək. Səfər zamanı "Fərzad B" yatağının birgə işlənilməsi məsələsi müzakirə olunacaq. Bundan əlavə, görüşdə İran-Pakistan-Hindistan qaz kəmərinin çəkilməsi perspektivləri də müzakirə ediləcək.

Qeyd edək ki, bu günlərdə dünya bazarında "Brent" markalı neftin bir barel üçün qiyməti 50 ABŞ dolları həddini keçə bilmir. Buna səbəb neftin bahalaşması üçün müsbət xəbərlərin olmamasıdır. Əvəzində isə mənfi xəbərlərin bolluğu neftin qiymətlərini son 7 ilin minimal həddi - 47,7 dollar/barelə qədər azaltmağa qadirdir. Belə ki, dəniz gəmilərinin hərəkəti monitorinqi göstəricilərinə əsasən, Liviyadan gündəlik ixrac olunan neft 332 min barelə yüksəlib. Halbuki, iyunda bu göstərici 260 min barel olub.

Son xəbərlər

Orphus sistemi