Yuxarı

​İran İraqa qaz ixracına başlayır

İlkin mərhələdə qazın ixracı 1,8 mlrd. kubmetr olacaq, sonradan həcm 5 qat artırılacaq

Bakı. 3 avqust. REPORT.AZ/ Avqustun 22-nə qədər İrandan İraqa qaz daşıyacaq boru kəməri istismara veriləcək. "Report"un İran KİV-inə istinadən verdiyi xəbərə görə, bunu İran Qaz Mühəndisliyi və İnkişaf Şirkətinin direktoru Əlirza Qəribi (Alireza Gharibi) deyib.

Qurum rəsmisinin sözlərinə görə, kəmərin 100 km-lik hissəsində test yoxlamaları aparılır və avqustun sonuna qədər istismara veriləcək.

Ə.Qəribi deyib ki, ilkin mərhələdə boru kəməri ilə gündəlik 5 mln. kubmetr (ildə 1,83 mlrd. kubmetr) qaz ixrac olunacaq və sonradan bu həcmin 5 dəfə artırılması nəzərdə tutulur: "2016-cı ilin martın 16-da İranın 6-cı qaz xəttində işlər tamamlandıqdan sonra gündəlik ötürülən qazın həcmi 25 mln. kubmetrə çatdırılacaq".

Xatırladaq ki, İrandan İraqa qaz ixracı ilə bağlı iki ölkə arasında razılıq 2013-cü ildə əldə olunub. Müqaviləyə əsasən, İran qazı 270 km-lik məsafəni qət edərək Sadr, Badad və əl-Mansuryaha çatdırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi