​İNOGATE Proqramının Azərbaycan üzrə əlaqələndiricisi mükafatlandırılıb

​İNOGATE Proqramının Azərbaycan üzrə əlaqələndiricisi mükafatlandırılıb Energetika Nazirliyinin Aparat rəhbəri İftixar Hüseynov İNOGATE-in ölkə üzrə əlaqələndiricisi kimi fəaliyyətinə görə mükafat alıb
Energetika
28 Mart , 2016 16:06
​İNOGATE Proqramının Azərbaycan üzrə əlaqələndiricisi mükafatlandırılıb

Bakı. 28 mart. REPOERT.AZ/ Energetika Nazirliyinin Aparat rəhbəri, İNOGATE Proqramının Azərbaycan üzrə əlaqələndiricisi İftixar Hüseynov Proqramın 20 illiyi (1996-2016-cı illər) münasibətilə İNOGATE-in ölkə üzrə əlaqələndiricisi kimi fəaliyyətinə görə “Xidmət Mükafatı”na layiq görülüb. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Mükafat Avropa İttifaqı, 11 tərəfdaş ölkə, beynəlxalq maliyyə institutları, özəl sektor və akademik dairələrdən olmaqla 200-dək nümayəndənin iştirakı ilə Belçikanın Brüssel şəhərində “Avropa İttifaqının Şərq qonşuluğu və Mərkəzi Asiya ilə enerji əməkdaşlığı” konfransı çərçivəsində Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han tərəfindən təqdim olunub.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələri və onların qonşuları arasında beynəlxalq enerji əməkdaşlığı proqramı olan INOGATE proqramı 1996-cı ildən fəaliyyət göstərir. Azərbaycan Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və uzun müddətdən bəri davam edən enerji sahəsində texniki yardım proqramlarından biri kimi İNOGATE-in tərəfdaş ölkəsidir və bu proqram üzrə həyata keçirilmiş 69 layihənin 33-dən faydalanıb.

Proqram çərçivəsində Azərbaycanın enerji sektorunun müxtəlif sahələrində həyata keçirdiyi tədbirlərə dəstək verilir. Proqram üzrə Aİ prinsipləri əsasında enerji təhlükəsizliyi möhkəmləndirilir, enerji layihələrinə investisiyalar cəlb olunur. İNOGATE proqramının səlahiyyətlərinin genişləndirilməsində 2004-cü ildə Azərbaycanda keçirilən Nazirlər Konfransında qəbul edilmiş “Bakı təşəbbüsü” mühüm rol oynayıb.

Son xəbərlər

Orphus sistemi