İlham Əliyev Salyanda “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib

İlham Əliyev Salyanda “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib “Azərişıq” ASC-nin sədri dövlət başçısına yeni yarımstansiya barədə məlumat verib
Energetika
53
24 Sentyabr , 2017 13:38
İlham Əliyev Salyanda “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib.

"Report" xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Baba Rzayev dövlət başçısına yeni yarımstansiya barədə məlumat verib.

Bildirilib ki, yeni yarımstansiya Salyan rayonunun böyük hissəsini, xüsusən də dövlət əhəmiyyətli obyektləri - Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Salyan Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektləri elektrik enerjisi ilə təmin edir. Bundan əlavə, qeyri-neft sektorunun - kənd təsərrüfatı, sahibkarlıq, sənaye sahələri və digər infrastruktur layihələri üzrə inşa ediləcək obyektlərin elektrik enerjisi ilə təminatı bu yarımstansiyadan həyata keçiriləcək. İşin operativ və səmərəli aparılması üçün yeni yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizə və avtomat sistemlər, eleqaz və vakuum tipli avadanlıqla təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.

Dövlət başçısı yarımstansiyanı işə salıb.

Qeyd edək ki, Salyan rayonunda “Kərimbəyli” və “Xurşud” yarımstansiyaları da tikilərək yenidən qurulub. Bu yarımstansiyalar, ümumilikdə, 30 mindən artıq istehlakçının elektrik enerjisi ilə təchizatını tam təmin edir. Bundan başqa, 35 kV-luq beş yarımstansiyada müxtəlif gücdə olan transformatorlar yeniləri ilə əvəz edilib. Həmçinin 110, 35 və 10/6 kV-luq transformator məntəqələrində təmir işləri aparılıb, köhnə tipli transformator məntəqələri yeni tipli komplekt transformator məntəqələri ilə əvəzlənib. Yeni 35 kV-luq hava elektrik verilişi xəttinin tikilib istifadəyə verilməsi nəticəsində Salyan və Sabirabad rayonları arasında dairəvi elektrik təchizatı sxemi yaradılıb. Hazırda 3500-ə yaxın abonenti olan Xıdırlı, Kürsəngi və Qaraçala kəndlərində kabelləşmə işləri aparılır, SMART tipli elektron sayğaclar quraşdırılır.

Sonda xatirə şəkli çəkdirilib.