Bakı. 1 iyun. REPORT.AZ/ “Bu, həqiqətən də tarixi gündür. “Şahdəniz” müqaviləsinin imzalanmasından 21 il sonra indi biz tarixi əhəmiyyət kəsb edən günü qeyd edirik. Bu gün mən ilk növbədə strateji tərəfdaşımız, uzun illərdir Azərbaycanın yaxşı dostu olan BP-yə təşəkkürümü bildirmək istərdim. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması bizim əməkdaşlığımızın başlanğıcı oldu. Həmin vaxtdan bizimlə birgə çalışmış və çalışmaqda davam edən bir çox şirkətlər var. Sizə xatırlatmaq və məlumat vermək üçün demək istərdim ki, həmin vaxt Azərbaycan xarici neft şirkətlərindən ibarət konsorsiumla “Azəri-Çıraq-Günəşli” müqaviləsini imzaladı və BP sadəcə olaraq onlardan biri idi. O, böyük hissəyə malik idi və böyük tərəfdaşlıq var idi ki, bu gün də müəyyən dəyişikliklə davam edir”.
“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimindəki çıxışında deyib.
Mən, həmçinin Azərbaycana yatırılan investisiyalara və uğurlu fəaliyyətə görə bütün tərəfdaşlarımıza, “Şahdəniz” tərəfdaşlarına və bu nadir qurğunu tikən şirkətlərə bir daha təşəkkürümü bildirmək istərdim. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq komanda ölkəmizin inkişafına kömək edir. Düşünürəm ki, ev sahibi olan ölkə yerli şirkət SOCAR ilə əcnəbi investorlar arasında nadir əməkdaşlıq mühiti yaradır. Bir daha sizi təbrik edirəm. Qarşıdakı illərdə sizə uğurlar arzulayıram”.