İEA: “Brent” nefti 70 dolları keçəndə tələbatın azalması ehtimalı ortaya çıxır

İEA: “Brent” nefti 70 dolları keçəndə tələbatın azalması ehtimalı ortaya çıxır Neftin qiymətinin 70 dollar/barelədək və daha çox artması dünya iqtisadiyyatındakı qeyri-müəyyən meylləri nəzərə almaqla tələbatın azalması riskini gücləndirir.
Energetika
11 Aprel , 2019 15:43
İEA: “Brent” nefti 70 dolları keçəndə tələbatın azalması ehtimalı ortaya çıxır

Neftin qiymətinin 70 dollar/barelədək və daha çox artması dünya iqtisadiyyatındakı qeyri-müəyyən meylləri nəzərə almaqla tələbatın azalması riskini gücləndirir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) aprel ayına aid hesabatında bildirilir.

“Aydındır ki, ”Brent” markalı neftin bir barelinin 70 dollara satılması istehlakçılar üçün ilin əvvəli ilə müqayisədə bu gün daha az əlverişlidir. Biz həmişə qiymətin həmin səviyyədən yuxarı olduğu təqdirdə, ortaya çıxan riskləri vurğulayırıq. Tələbatın artmasına dair proqnozumuzun (cari ildə gündəlik 1,4 mln. barel) doğru olub-olmadığını yalnız zaman göstərəcək. Lakin bu rəqəmdən az olacağı ehtimalının da fərqindəyik”, - deyə hesabatda qeyd olunur.

İEA ekspertlərinin fikrincə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə neftə olan gündəlik tələbatın 2018-ci ilin IV rübündə illik hesabla 300 min barel azalması inkişaf etmiş ölkələrdə 2014-cü ildən bu yana ən böyük azalmadır və cari ilin I rübündə də davam edə bilər, çünki Avropanın bir sıra ölkələrində iqtisadi artım azalmağa doğru gedir. Üstəlik, “Brexit” də tələbatın azalmasına rəvac verir.

Hesabat müəllifləri, həmçinin qeyri-OPEC ölkələrində də təklifin artım tempinin  azaldığını qeyd edirlər. Belə ki, 2019-cu ildə gündəlik artım 1 mln. bareldən artıq azalaraq 1,7 mln. barelə çata bilər. 2018-ci ilin II yarısında qeyri-OPEC ölkələrində gündəlik hasilatın illik hesabla 3,4 mln. barel kimi “başgicəlləndirici” sürətlə artdığını diqqətə çatdıran İEA ekspertləri bu ilin I rübündə artımın 2,4 mln. barelədək azaldığını, bunun da 92%-nin ABŞ-ın payına düşdüyünü qeyd ediblər, halbuki ötən il həmin ölkənin payı cəmi 80%  olub. ABŞ istisna olmaqla isə bu ilin I rübündə gündəlik artım tempi ötən ilin IV rübündəki 1 mln.barel azalma ilə müqayisədə cəmi 185 min barel azalıb. Kanada, Şimal dənizi, hasilatı azaltmaq barədə Vyana razılaşması iştirakçısı ölkələrindəki hasilatın azalması da bu meyli şərtləndirən amildir. 

Hasilat artımının bundan sonra da yavaşlayacağı qənaətində olan İEA ekspertlərinin fikrincə, bunun səbəbləri ilin əvvəlində qazma işlərindəki durğunluq və sərmayələrin azlığıdır. İEA 2019-cu il üçün gündəlik tələbat artımına dair proqnozunu isə 1,4 mln. barel səviyyəsində saxlayıb.

Son xəbərlər

Orphus sistemi