“Gürcüstana elektrik enerjisinin idxalının korrupsiya sövdələşməsi yolu ilə həyata keçirilməsi ilə bağlı yayılan informasiyalar tamamilə yalan və böhtandır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
Onun sözlərinə görə, Gürcüstanda energetika sahəsində aparılan islahatlar çərçivəsində idxal tam şəffaf və bazar prinsiplərinə tam uyğun formada reallaşdırılır: “2012-ci ildə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 80 %-i Rusiyanın payına düşürdü. Hazırda isə Gürcüstan üç ölkə - Rusiya, Azərbaycan və Türkiyədən elektrik enerjisi tədarük edir. Heç bir idxalçı Gürcüstanın elektoenergetika bazarında dominantlıq edə, bazar qiymətini diktə edərək qiymət artımına səbəb ola bilməz”.
N.Turnava qeyd edib ki, Rusiyadan elektrik enerjisinin idxalını “İnter RAO” dövlət şirkəti həyata keçirirsə, Türkiyə və Azərbaycandan bu prosesdə özəl şirkətlərin iştirakına icazə verilir və Gürcüstan energetika bazarında bazar rəqabəti qaydalarına görə bunu məhdudlaşdıra bilməz: “Energetika bazarındakı islahatlar rəqabətin məhdudlaşdırılmasına deyil, təşviqinə yönəlib”.