Gürcüstanın mineral məhsul alışının 19 %-dən çoxu Azərbaycanın payına düşüb
- 23 dekabr, 2024
- 13:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 370 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 14 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 19,2 % payla 2-ci yerdə qərarlaşıb.
Təkcə noyabrda Gürcüstan Azərbaycandan 29,5 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb. Bu, bir il əvvələ nisbətən 43 % azdır.
Bu ilin 11 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 927 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da 1 il əvvələ nisbətən 2 % azdır. Gürcüstan Rusiyadan 695 milyon ABŞ dolları, Bolqarıstandan 154 milyon ABŞ dolları, Rumıniyadan 150 milyon ABŞ dolları, Türkiyədən 134 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 2,2 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 0,5 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.