Gürcüstanın Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci kəskin artıb
- 20 iyul, 2024
- 06:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 48,1 milyon ABŞ dolları dəyərində 60 min ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət – olaraq 2,5 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 631,7 milyon ABŞ dolları dəyərində 742 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 27 % və 15 % çoxdur.
Bu ilin ilk 6 ayında Gürcüstana Rusiyadan 263,6 milyon ABŞ dolları dəyərində 345 min ton, Bolqarıstandan 84,3 milyon ABŞ dolları dəyərində 91,7 min ton, Rumıniyadan 63,53 milyon ABŞ dolları dəyərində 74,2 min ton, Yunanıstandan 39 milyon ABŞ dolları dəyərində 40 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,17 milyard ABŞ dolları dəyərində 1,418 milyon ton neft və neft yağları alıb ki, bunun da 95,444 milyon ABŞ dolları dəyərində 112 min 388 tonu Azərbaycanın payına düşüb.