Gürcüstanın Azərbaycandan neft tədarükünə çəkdiyi xərci 4 dəfə artıb
- 21 iyun, 2024
- 10:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 41,81 milyon ABŞ dolları dəyərində 51 min 544 ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət – olaraq 5 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 514 milyon ABŞ dolları dəyərində 601 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 29 % və 17,2 % çoxdur.
Bu ilin ilk 5 ayında Gürcüstana Rusiyadan 211 milyon ABŞ dolları dəyərində 275 min ton, Bolqarıstandan 75 milyon ABŞ dolları dəyərində 69 min ton, Rumıniyadan 53 milyon ABŞ dolları dəyərində 62 min ton, Yunanıstandan 30 milyon ABŞ dolları dəyərində 30 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,17 milyard ABŞ dolları dəyərində 1,418 milyon ton neft və neft yağları alıb ki, bunun da 95,444 milyon ABŞ dolları dəyərində 112 min 388 tonu Azərbaycanın payına düşüb.