Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamenti taktiki təlim keçirib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Yağlıca poliqonunda baş tutan təlim zamanı konkret insident üzrə kompleks tapşırıqlar yerinə yetirilib.
Taktiki təlimin məqsədi Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin hazırlıq səviyyəsini yoxlamaq olub.
Təlimdə daxili işlər nazirinin müavini İoseb Çelidze, Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin direktoru Zurab Çabaşvili və nazirliyin müxtəlif departamentlərinin rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, adıçəkilən departament Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri), Supsa neft terminalı və onların infrastruktur obyektlərinin təhlükəsizliyini təmin edir.


