Gürcüstanda “Avro 5” yanacaq standartının tətbiqi növbəti dəfə təxirə salınıb

Energetika
  • 24 fevral, 2022
  • 06:16
Gürcüstanda “Avro 5” yanacaq standartının tətbiqi növbəti dəfə təxirə salınıb

Gürcüstanda “Avro 5” yanacaq standartının tətbiqi öhdəliyi dördüncü dəfə təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə standarta keçid 2023-cü ilə planlaşdırılıb.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin sədri Vano Mtvralaşvili bildirib ki, təxirə salınmanın əsas səbəbi Azərbaycanın ölkənin əsas dizel tədarükçüsü olması ilə bağlıdır. O qeyd edib ki, bu gün Azərbaycandan tədarük olunan dizel Avropadan idxal olunan yanacaqdan 20-25 tetri ucuzdur.

Gürcüstan hökumətinin qərarı ilə yeni standartın tətbiqi 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minməli idi. “Avro 5”ə keçidin hələ 2020-ci ilin yanvarın 1-də baş tutacağı gözlənilirdi.

Gürcüstanda yeni standartın tətbiqi Azərbaycanın “Avro-5”ə cavab verən yanacaq məhsullarının istehsalını təmin etməsindən sonra planlaşdırılır. Azərbaycanda “Avro 5” yanacağının istehsalına bu ildən başlanılacağı gözlənilir. Ötən il Azərbaycan qonşu ölkənin dizelə olan tələbatının 38,44 %-ni təmin edib.

Son xəbərlər

Bütün Xəbər Lenti