Gürcüstan XİN Ermənistanın BTC-yə hücum cəhdinə münasibət bildirib

Gürcüstan XİN Ermənistanın BTC-yə hücum cəhdinə münasibət bildirib XİN rəhbəri: Biz bölgədə tərəfdaş, strateji obyektlərin yerləşdiyi ölkələrlə, həmçinin strateji tərəfdaşlarımız olan ABŞ  və Avropa İttifaqı ilə də məsələ ilə bağlı danışıqlar aparırıq.
Energetika
8 Oktyabr , 2020 13:20
Gürcüstan XİN Ermənistanın BTC-yə hücum cəhdinə münasibət bildirib
David Zalkaliani
0 : 00
0 : 00

“Strateji obyektlər bölgənin təhlükəsizliyinin qarantıdır. Buna görə də hamı onların normal fəaliyyətinə təhlükənin olmamasında maraqldır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə raket hücumu cəhdini şərh edərkən bildirib.

Nazir bu cür obyektlərə hərbi təsirin olmamasının vacib olduğunu deyib: “Enerji təhlükəsizliyini təmin edən Bakı-Tbilisi-Ceyhan kəməri region və beynəlxalq tərədaşlar üçün önəmli strateji obyektdir”.

XİN başçısının sözlərin görə, Cənubi Qafqazda həyata keçirilən önəmli layihələr Gürcüstanın maraq dairəsindədir və bu istiqamətdə baş verən proseslər daima izlənilir: “Biz bölgədə tərəfdaş, strateji obyektlərin yerləşdiyi ölkələrlə, həmçinin strateji tərəfdaşlarımız olan ABŞ və Avropa İttifaqı ilə də məsələ ilə bağlı danışıqlar aparırıq”.

Xatırladaq ki, oktyabrın 6-da axşam saatlarında Ermənistanın silahlı qüvvələrinin Yevlax rayonu ərazisində BTC neft kəmərini hədəf alan raket zərbələrinin qarşısı alınıb. Hazırda ixrac kəməri əvvəlki kimi fəaliyyətini davam etdirir, amma hadisə ilə bağlı cinayət işi başlanılıb.

"Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən "Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyasının və Konvensiyaya edilmiş əlavə Protokolların tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Ermənistan Silahlı Qüvvələrinin silahlı birləşmənin üzvləri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə 6 oktyabr 2020-ci il tarixdə, saat 18:30 radələrində Yevlax rayonunun silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən, fərqləndirilən və xam neft və kondensat ixrac edən kəmərləri hədəfə almaqla, eləcə də döyüşlərdə iştirak etməyən, hərbi əməliyyatlar aparılan ərazidən ən azı 50 kilometrdən artıq məsafədə yerləşən Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində beynəlxalq hüquqla qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını tətbiq edib mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara raketlə hücum etməklə 9M525 qəlpəli “Smerç” nəslindən olub böyük dağıdıcı qüvvəyə malik, içərisində 300 ədəd 9N235 bombacıqları olan reaktiv yaylım atəşli raketdən atəş açıb, Azərbaycan silahlı qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisindəki bombacıqlardan bir hissəsi Yevlax rayonu Aran qəsəbəsindən keçən diametri 42 düym olan Cənub Qafqaz Genişlənmiş Boru kəmərinin boru xəttinin üzərinə, bir hissəsi həmin ərazidən keçməklə xam nefti Qara dəniz sahilinə nəql edən Qərb İxrac Boru kəmərindən 120 metr məsəfəyə, digər hissələri isə həmin qəsəbədən keçən BTC neft kəmərindən 100 metr məsafəyə səpələnib, bununla da neft ixrac edən və dağıdılması əhəmiyyətli əmlak ziyanının vurulmasına səbəb ola bilən böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaratmaqla infrastruktur obyektlərinə və digərlərinə məxsus xüsusilə külli miqdarda əmlakların qəsdən məhv edilməsinə cəhd olunub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, terrorçuluq cinayəti törədilib", - Baş Prokurorluğun açıqlamasında qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi