Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağları idxalına çəkdiyi xərci 20 % azaldıb
- 21 may, 2024
- 08:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 142 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 20 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 653 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 9 % çoxdur. O cümlədən, Gürcüstan Rusiyadan 296 milyon ABŞ dolları, Bolqarıstandan 52,15 milyon ABŞ dolları, Rumıniyadan 52 milyon ABŞ dolları, Yunanıstandan 23 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,7 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,4 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.