Gürcüstan Azərbaycandan təbii qaz alışını mayda 1,5 % artırıb
- 20 iyun, 2025
- 10:49
Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 108 milyon ABŞ dolları dəyərində 722 milyon kubmetr təbii qaz alıb.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 5 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Təkcə may ayında isə Gürcüstan Azərbaycandan 10,2 milyon ABŞ dolları dəyərində 94 milyon kubmetr təbii qaz alıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 9 % az və 1,5 % çoxdur.
Bu ilin ilk 5 ayında Gürcüstan xarici ölkələrdən 232 milyon ABŞ dolları dəyərində 1,19 milyard kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 7,4 % və 8 % çoxdur. O cümlədən, Gürcüstana Rusiyadan 124 milyon ABŞ dolları dəyərində 463 milyon kubmetr, İrandan 99,7 min ABŞ dolları dəyərində 69,9 min kubmetr, Çindən 74,5 min ABŞ dolları dəyərində 43,3 min kubmetr, Belarusdan 28 min ABŞ dolları dəyərində 20 min kubmetr təbii qaz tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 435,5 milyon ABŞ dolları dəyərində 2,315 milyard kubmetr təbii qaz alıb ki, bunun da 254,3 milyon ABŞ dolları dəyərində 1,664 milyard kubmetri Azərbaycanın payına düşüb.