Gürcüstan Azərbaycandan təbii qaz alışını azaldıb

Energetika
  • 20 fevral, 2024
  • 06:33
Gürcüstan Azərbaycandan təbii qaz alışını azaldıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 33 milyon ABŞ dolları dəyərində 207 milyon kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 20 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 67 milyon ABŞ dolları dəyərində 335 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 26 % və 15 % azdır. O cümlədən, Gürcüstana Rusiyadan 33,7 milyon ABŞ dolları dəyərində 128 milyon kubmetr, İspaniyadan 3,4 min ABŞ dolları dəyərində 0,4 min kubmetr, Lixtenşteyndən 2,7 min ABŞ dolları dəyərində 0,05 min kubmetr və Birləşmiş Ərəb Əmirliklərindən 0,2 min ABŞ dolları dəyərində 0,05 min kubmetr təbii qaz idxal edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 445 milyon ABŞ dolları dəyərində 2,25 milyard kubmetr təbii qaz alıb ki, bunun da 313,5 milyon ABŞ dolları dəyərində 1,8 milyard kubmetri Azərbaycanın payına düşüb.

44 - Tezliklə