Gürcüstan Azərbaycandan neft yağları alışını 5 dəfə artırıb
- 20 may, 2024
- 10:25
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 33 milyon ABŞ dolları dəyərində 40 min ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən həm dəyər, həm kəmiyyət ifadəsində 5 dəfə çoxdur.
Beləliklə Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 423 milyon ABŞ dolları dəyərində 494 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 33 % və 22 % çoxdur.
Bu ilin ilk 4 ayında Gürcüstana Rusiyadan 184 milyon ABŞ dolları dəyərində 240 min ton, Bolqarıstandan 52 milyon ABŞ dolları dəyərində 57 min ton, Rumıniyadan 52 milyon ABŞ dolları dəyərində 60,7 min ton, Yunanıstandan 23 milyon ABŞ dolları dəyərində 22,42 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,17 milyard ABŞ dolları dəyərində 1,418 milyon ton neft və neft yağları alıb ki, bunun da 95,444 milyon ABŞ dolları dəyərində 112 min 388 tonu Azərbaycanın payına düşüb.