Gürcüstan Azərbaycandan neft və neft yağları idxalını kəskin artırıb
- 26 aprel, 2024
- 09:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 23,1 milyon ABŞ dolları dəyərində 28 min ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 dəfə, kəmiyyət olaraq – 7 dəfə çoxdur.
Beləliklə Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 290 milyon ABŞ dolları dəyərində 347 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 16 % və 10 % çoxdur.
Bu ilin ilk 3 ayında Gürcüstana Rusiyadan 137 milyon ABŞ dolları dəyərində 180 min ton, Rumıniyadan 41 milyon ABŞ dolları dəyərində 49 min ton, Bolqarıstandan 30 milyon ABŞ dolları dəyərində 33 min ton, Türkmənistandan 14 milyon ABŞ dolları dəyərində 16 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,17 milyard ABŞ dolları dəyərində 1,418 milyon ton neft və neft yağları alıb ki, bunun da 95,444 milyon ABŞ dolları dəyərində 112 min 388 tonu Azərbaycanın payına düşüb.