Gürcüstan Azərbaycandan neft və neft yağları idxalını 35 % artırıb
- 20 noyabr, 2023
- 08:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 68,18 milyon ABŞ dolları dəyərində 79 min 50 ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 35 % çoxdur.
Beləliklə Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında üçüncü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 928,6 milyon ABŞ dolları dəyərində 1,141 milyon ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18 % azdır və 2,7 % çoxdur.
2023-cü ilin 10 ayında Gürcüstana Rusiyadan 502,7 milyon ABŞ dolları dəyərində 704 min 306 ton, Rumıniyadan 134,62 milyon ABŞ dolları dəyərində 153 min 414 ton, Türkmənistandan 60 milyon ABŞ dolları dəyərində 69 min 136 ton, Bolqarıstandan 41,23 milyon ABŞ dolları dəyərində 43 min 223 ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan Azərbaycandan 51,437 milyon ABŞ dolları dəyərində 59 min 273 ton neft və neft yağları tədarük edib.