Gürcüstan Azərbaycandan neft və neft yağları alışını 70 % artırıb
- 20 sentyabr, 2024
- 10:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 71,1 milyon ABŞ dolları dəyərində 90 min ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 62 %, kəmiyyət olaraq 70 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 800,64 milyon ABŞ dolları dəyərində 1 milyon 042 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 23 % və 14 % çoxdur.
Bu ilin ilk 8 ayında Gürcüstana Rusiyadan 365 milyon ABŞ dolları dəyərində 477 min ton, Bolqarıstandan 105,8 milyon ABŞ dolları dəyərində 117,2 min ton, Rumıniyadan 93,2 milyon ABŞ dolları dəyərində 109 min ton, Yunanıstandan 44,7 milyon ABŞ dolları dəyərində 41 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,17 milyard ABŞ dolları dəyərində 1,418 milyon ton neft və neft yağları alıb ki, bunun da 95,444 milyon ABŞ dolları dəyərində 112 min 388 tonu Azərbaycanın payına düşüb.