Gürcüstan Azərbaycandan neft və neft yağları alışını 57 % artırıb
- 21 oktyabr, 2024
- 09:04
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 75,5 milyon ABŞ dolları dəyərində 95,65 min ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47 %, kəmiyyət olaraq 57 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 982 milyon ABŞ dolları dəyərində 1 milyon 173 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 20 % və 15 % çoxdur.
Bu ilin ilk 9 ayında Gürcüstana Rusiyadan 401 milyon ABŞ dolları dəyərində 527 min ton, Bolqarıstandan 120 milyon ABŞ dolları dəyərində 136 min ton, Rumıniyadan 109 milyon ABŞ dolları dəyərində 130 min ton, Türkiyədən 53 milyon ABŞ dolları dəyərində 50 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,17 milyard ABŞ dolları dəyərində 1,418 milyon ton neft və neft yağları alıb ki, bunun da 95,444 milyon ABŞ dolları dəyərində 112 min 388 tonu Azərbaycanın payına düşüb.