Gürcüstan avqustda Azərbaycandan təbii qaz alışını 16 % artırıb

Energetika
  • 20 sentyabr, 2024
  • 09:40
Gürcüstan avqustda Azərbaycandan təbii qaz alışını 16 % artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 149,5 milyon ABŞ dolları dəyərində 1 milyard kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 10 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Təkcə avqust ayında Gürcüstan Azərbaycandan 16,1 milyon ABŞ dolları dəyərində 100,61 milyon kubmetr təbii qaz alıb. Bu bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 39 % və 16 % çoxdur.

İlk 8 ay ərzində Gürcüstan xarici ölkələrdən 258,75 milyon ABŞ dolları dəyərində 1 milyard 402 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 15 % və 5 % azdır. O cümlədən, Gürcüstana Rusiyadan 109,18 milyon ABŞ dolları dəyərində 401 milyon kubmetr, İrandan 38 min ABŞ dolları dəyərində 23,35 min kubmetr, Böyük Britaniyadan 24,35 min ABŞ dolları dəyərində 0,01 min kubmetr, Çindən 16,29 min ABŞ dolları dəyərində 8,19 min kubmetr təbii qaz idxal edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 445 milyon ABŞ dolları dəyərində 2,25 milyard kubmetr təbii qaz alıb ki, bunun da 313,5 milyon ABŞ dolları dəyərində 1,8 milyard kubmetri Azərbaycanın payına düşüb.