“Gürcüstan enerji resursları ilə bağlı tranzit funksiyasını effektiv istifadə etməlidir. Bizim tədarük mənbəyimiz və əhalimizin maraqlarına cavab verəcək şərtlərimiz olmalıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili brifinqdə deyib.
Onun sözlərinə görə, tərəfdaş ölkələr Gürcüstana enerji daşıyıcılarını elə qiymətə təqdim edir ki, onlar digər ölkələrə baha satıla bilər: “Bu, asan olmayan reallıq və çağırışdır. Lakin bu məsələ ilə bağlı koordinasiyalı şəkildə işləmək lazımdır”.
Qaz tarifinə gəlincə, L.Davitaşvili bildirib ki, Gürcüstanda Avropanın istənilən digər ölkəsi ilə müqayisədə vəziyyət daha yaxşıdır: “Gürcüstanda sosial sahə üçün qazın tarifi kommersiya sektoru ilə müqayisədə daha ucuzdur. Əhali enerji daşıyıcılarını daha ucuz əldə edir. Bu həm elektrik enerjisi, həm də qaza aiddir”.