​“Günəşli” yatağında qazlift kompressor stansiyası layihə gücünə çatdırılıb

​“Günəşli” yatağında qazlift kompressor stansiyası layihə gücünə çatdırılıb Artıq stansiya vasitəsilə “Günəşli” yatağındakı qazlift üsulu ilə istismar edilən bütün quyuları sıxılmış qazla davamlı təmin etmək mümkündür
Energetika
19 Avqust , 2015 11:17
​“Günəşli” yatağında qazlift kompressor stansiyası layihə gücünə çatdırılıb

Bakı. 19 avqust. REPORT.AZ/ “Günəşli” yatağında qazlift kompressor stansiyası tam gücü ilə işlək vəziyyətə gətirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Azneft” İstehsalat Birliyinin 28 May adına Neft-Qazçıxarma İdarəsinin sifarişi əsasında “Neftqaztikinti” Tresti tərəfindən stansiyanın tikintisinin məqsədi “Günəşli” yatağında neft verən quyuların uzunmüddətli qazlift üsulu ilə istismarını təmin etməklə yanaşı, yataqdakı platformalarda qazlift sistemini tənzimləmək, eləcə də atmosferə atılan qazın yığılaraq nəql olunmasını təmin etməkdən ibarətdir.

Qeyd edək ki, stansiya cari ilin əvvəlində istismara verilsə də, qurğu bu günlərdə tam istismar gücünə çatdırılıb.

Stansiyada sazlama, işəburaxılma işləri tam yekunlaşıb və kompressor qurğuları yüksək məhsuldarlıq, təzyiq və dövrlər sayı rejimlərində sınaqdan keçirilib.

Qazlift rejiminə uyğun 3 ədəd kompressor qurğusu (əlavə 1 ədəd qurğu ehtiyatda) daimi işlək vəziyyətdədir və sistemi gün ərzində 3 mln. kubmetr həcmində sıxılmış qazla təmin edir.

Artıq stansiya vasitəsilə “Günəşli” yatağındakı qazlift üsulu ilə istismar edilən bütün quyuları sıxılmış qazla davamlı təmin etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi