Yuxarı

Xoşbəxt Yusifzadə haqqında çəkilmiş "Fədakar" filmi təqdim olunub

İkihissəli bədii-sənədli film Yusifzadənin “həyat oçerkləri əsasında çəkilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Yanvarın 9-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filminin təqdimat mərasimi keçirilib.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

İkihissəli bədii-sənədli film Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” kitabındakı həyat oçerkləri əsasında çəkilib.

Ssenari müəllifi Eldar İskəndərzadə olan bu ekran əsəri Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi ilə “SOCAR-Media” İctimai Birliyi tərəfindən istehsal edilib.

Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsində gərgin əmək sərf etmiş görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında maraqlı hekayətdir. “Fədakar” filmində onun ömrünün maraqlı anları, həyat hekayələri xronoloji ardıcıllıqla təqdim edilir. Film əfsanəvi Neft Daşlarında, Bakı şəhərinin müxtəlif guşələrində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb.

Filmdəki obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Əlican Əzizov, Əliqulu Səmədov, Namis Şirməmmədov, Mirzə Ağazadə, Şamil Süleymanov, aktyorlar Hikmət Rəhimov, Günəş Mehdiyeva, Könül Şahbazova, Rauf Hüseynov və başqaları canlandırıblar.

Ekran əsərinin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Rafiq Quliyev, məsləhətçisi Xalik Məmmədovdur.

Film böyük maraqla qarşılanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi