Gəncədə yeraltı elektrik kabellərinin bərpası və yerinin dəyişdirilməsi səbəbindən elektrik enerjisinin verilişində fasilə yaranıb, bir neçə küçə və prospektdə işıqforlar işləmir.
"Report"un Qərb bürosunun məlumatına görə, işıqforların işləmədiyi ərazilərə Dövlət Yol Polisinin (DYP) əməkdaşları cəlb olunub və nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün nəzərdə tutulmuş qaydada xidmət göstərilir.
Gəncə şəhər İcra Hakimiyyətindən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hazırda şəhər ərazisində bir neçə küçədə yollar asfaltlanır:
“Bu səbəbdən, yeraltı elektrik kabellərinin yerinin dəyişdirilməsi və nasaz kabellərin bərpası işləri də həyata keçirilir. Aidiyyəti qurum tərəfindən görülən işlər başa çatdıqdan sonra ərazidə elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılacaq və həmin ərazilərdə olan işıqforların işi bərpa olunacaq”.
Qeyd edək ki, işıqforların işləməməsi ərazidən keçən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaradıb.