Gələn ilin II rübündən SOCAR-ın bütün yanacaqdoldurma məntəqələrində CNG satılacaq

Gələn ilin II rübündən SOCAR-ın bütün yanacaqdoldurma məntəqələrində CNG satılacaq Avtomobillərin CNG ilə çalışması üçün xüsusi avadanlıqların quraşdırılması xidməti həyata keçiriləcək
Energetika
153
19 Oktyabr , 2017 17:59
Gələn ilin II rübündən SOCAR-ın bütün yanacaqdoldurma məntəqələrində CNG satılacaq
Report

Bakı. 19 oktyabr. REPORT.AZ/ 2018-ci ilin ikinci rübündən etibarən “SOCAR Petroleum” QSC SOCAR brendi ilə fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrində Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq müştərilərə qiymət baxımından daha sərfəli olan alternativ nəqliyyat yanacağı kimi sıxılmış təbii qazın (STQ –CNG, yəni Compressed Natural Gas) satışı və avtomobillərin CNG ilə çalışması üçün xüsusi avadanlıqların quraşdırılması xidmətini həyata keçirəcək.

“Report”a QSC-dən verilən məlumata görə, belə ki, xüsusi yaradılmış servis mərkəzlərində avtomobillərə İtaliya istehsalı olan keyfiyyətli, təhlükəsiz CNG qurğularının quraşdırılması nəzərdə tutulur.

Təklif olunacaq bu xidmət üçün qeydiyyat artıq başlayıb. Bunun üçün avtomobilinə CNG avadanlığı quraşdırmaq istəyən hər bir avtomobil sahibi ilk öncə www.socar-petroleum.az internet səhifəsinin CNG bölməsində və ya facebook səhifəsində qeydiyyatdan keçməlidir.

Qeyd edək ki, ənənəvi yanacaq növlərindən fərqli olaraq CNG neft deyil, təbii qaz əsasında istehsal olunur. Bununla da təhlükəsiz və ekoloji baxımından təmiz olan CNG yanacağı ənənəvi yanacaq növlərindən həm də qiymət baxımından daha sərfəlidir. Mütəxəssislərin hesablamalarına görə, CNG ilə işləyən avtomobillərin yanacaq sərfiyyatı hər 10 min kilometr məsafə üçün 600 manat vəsaitə qənaət etməyə imkan verə bilər. CNG-yə keçid xərclərini də nəzərə alanda, bu xüsusilə böyük avtomobil parkına sahib olan şirkətlər üçün daha aktualdır. Nəticədə bununla daşınma məsrəflərinin ümumi xərclərdəki payını azaltmaq mümkündür. Eyni zamanda Azərbaycanın böyük həcmdə olan təbii qaz ehtiyatları CNG-nin yaxın gələcəkdə alternativ mühərrik yanacaq növü olaraq daha geniş tətbiqinə şərait yaradır.

CNG həmçinin yanacağın ənənəvi növlərindən zəhərli tullantılarının miqdarının daha az olması ilə fərqlənir. CNG-nin istifadəsi zamanı dəm qazının miqdarı 90 faiz, karbon dioksid isə, təxminən, 24% daha azdır. CNG-nin tərkibində azot və kükürd olmadığı üçün müvafiq təhlükəli tullantıları da yoxdur.

Azərbaycanda istifadəsinə gəlincə, Bakı şəhərində ictimai nəqliyyat fəaliyyəti göstərən “BakuBus” MMC-yə məxsus “Iveco” markalı müasir tipli nəqliyyat növü olan avtobuslar “SOCAR Petroleum” QSC-nin Zığ-Hövsan terminal stansiyasında istehsal olunmuş CNG ilə işləyir. Zığ-Hövsan terminal stansiyası Prezident İlham Əliyevin iştirakı ilə 2015-ci il iyun ayının 3-də istifadəyə verilib. Terminal stansiyanın tikinti-quraşdırma işlərində dünyanın ən müasir və təhlükəsiz texnologiyalarından, əsasən də, İtaliya, İsveç və Almaniya istehsalı olan avadanlıqlardan istifadə edilib.

Son xəbərlər

Orphus sistemi