Gələn il AÇG-dən neft hasilatının həcmi açıqlanıb
- 28 noyabr, 2022
- 13:00
2023-cü ildə Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 129,6 milyon barel neft hasil edilməsi proqnozlaşdırılır.
“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2023-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Məlumata görə, bu, 2022-ci ilin proqnozu ilə müqayisədə 23,5 milyon barel və ya 15,3 % azdır.
2021-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə 37,41 milyon barel və ya 22,4 % azdır.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.