"Hidrogen karbon-neytral gələcəyə nail olmaq üçün vacib bir elementdir və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) bunu aktiv şəkildə izləyir".
“Report”un məlumatına görə, bunu “Euractiv” nəşrinə müsahibəsində TAP Konsorsiumunun Xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov bildirib.
“Biz TAP-ın təbii qaz və hidrogen qarışığının nəqlini texniki olaraq necə uyğunlaşa biləcəyini qiymətləndirmək mərhələsindəyik. Xüsusilə də boru kəmərinin ötürücülük gücü 20 milyard kubmetrə qədər genişləndirildiyi halda, istənilən yeni avadanlıqların layihələndirilməsi üçün gələcək potensial tələbat və tələblərin nəzərə alınması vacibdir”, - deyə V.Veysəlov bildirib.
Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarim sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi - TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.
TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.