Dünya əhalisinin sayının artması və ekoloji təmiz enerji mənbələrinə meyllik hesabına 2050-ci ilə qədər təbii qaza illik tələbat indiki vaxtla müqayisədə 50 % artıraq 5,92 trilyon kubmetrə çatacaq.
“Report”un məlumatına görə, bu proqnozla Qaz İxrac Edən Ölkələr Forumu (GECF) çıxış edib.
Qurumun açıqladığı son hesabata əsasən, 2025-ci ilə qədər təbii qazın dünya enerji səbətindəki payı kömürün payını üstələyəcək, 2047-ci ildə isə o, ən çox istifadə olunan mənbəyə çevriləcək.
Bu çərçivədə mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin ümumi qaz ticarətindəki payının 2050-ci ilə qədər 56 % olacağı proqnozlaşdırılır. Çin, Avstraliya, Hindistan, ABŞ, Kanada, Meksika, Afrika, Avrasiya və Orta Şərq ölkələrində təbii qaz istehsalının artması gözlənilir. Avropada 2019-cu ildə 200 milyard kubmetr olan təbii qaz hasilatının isə 2050-ci ilə qədər 70 milyard kubmetrə düşəcəyi gözlənilir.
Hesabata görə, bir çox ölkələr təbii qaza təmiz alternativ yanacaq kimi üstünlük verəcək və bərpa olunan enerji mənbələrinin payı 2019-cu ildəki 2 %-dən 2050-ci ildə 10 %-ə yüksələcək.
Hesabatda deyilir ki, təbii qaz kömür və neftdən daha təmiz bir yanacaq olaraq ön plana çıxsa da, keçən il qaz qiymətlərinin enməsi və yeni növ koronavirus pandemiyası səbəbindən təmiz hava məlumatlılığının artması təbii qaza dəstəyi artıracaq.
Əhalinin artması, ətraf mühit narahatlığı və təbii qaza əlçatanlığın asanlaşması kimi amillər qaza tələbatın artmasına səbəb olacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə bu artımın əsas amilləri olacaq.