Fransalı ekspert: "Neft koronavirus bitdikdən sonra bahalaşacaq"

Fransalı ekspert: "Neft koronavirus bitdikdən sonra bahalaşacaq" Böhran bitdikdən sonra neft iqtisadiyyatında əsaslı dəyişikliklər baş verəcək.
Energetika
24 Aprel , 2020 12:58
Fransalı ekspert: Neft koronavirus bitdikdən sonra bahalaşacaq
Emmanuel Dupuy / Report

"Böhran bitdikdən sonra neft iqtisadiyyatında əsaslı dəyişikliklər baş verəcək".

Bu fikirləri "Report"un yerli bürosuna Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy neftin qiymətinin aşağı olması səbəblərini şərh edərkən bildirib.

E.Dupuy neftin qiymətinin aşağı düşməsinin iki səbəbi olduğunu bildirib:

"Neftin qiyməti tarixdə özünün ən aşağı dövrünü yaşayır. Buna bir tərəfdən COVID-19 epidemiyası böhranı səbəb olub. Belə ki, planetin demək olar ki, yarısının karantin rejimində olması səbəbindən neftlə dolu tankerlər bu gün hərəkətsiz vəziyyətdə gözləməkdədir. Lakin digər tərəfdən isə demək olmaz ki, koronavirusla bağlı bu böhran baş verməsə idi, neftin qiyməti azalmayacaqdı. Neft ucuzlaşacağı gözlənilən hadisə idi və bu gün baş verən tibbi böhran bunu sadəcə tezləşdirdi. Belə ki, ABŞ 2018-ci ildən gündəlik neft hasilatını 12 milyon barelə çatdıraraqneft istehsal edən aparıcı ölkəyə çevrilib. Gündəlik 10-12 milyon barel arasında neft istehsal edən Səudiyyə Ərəbistanı yeni rəqibi bu bazarda qarşılamalı olub. Bu məsələ neft istehsal edən ölkələr kimi Rusiya ilə Səudiyyə Ərəbistanının birgə qayğısına çevrilib. Beləliklə, neftin qiymətinin düşməsinə bir tərəfdən planeti bürüyən COVID-19 pandemiyası, digər tərəfdən də istehsal olunan neftin çoxluğu səbəb olub".

E.Dupuy Azərbaycanın neft şirkətləri üçün vasitəçi və eyni zamanda vacib nizamlayıcı roluna toxunub: "Bu məsələnin neft istehsal edən ölkə kimi Azərbaycana birbaşa aidiyyatı var. Lakin Azərbaycan üç sahədə üstünlüyə malikdir. İlk növbədə, Azərbaycan təkcə neft deyil, eyni zamanda qaz ixrac edən ölkədir. İkincisi, Azərbaycan neft və qaz istehsal etməklə yanaşı, eyni zamanda tranzit ölkədir. Üçüncüsü isə Azərbaycan qərb ölkələrinin neft şirkətlərinə dəstək ola biləcək imkanlara malikdir. Belə ki, Azərbaycan neft və qaz istehsal edən Orta Asiya ölkələri və Rusiya ilə coğrafi yaxınlığa malikdir. Bu səbəbdən də anqlo-sakson və eyni zamanda rus şirkətləri ilə də asanlıqla dialoqa girə bilir. Bu da onu danışıqlara qadir tərəfdaşa çevirir. Azərbaycan təkcə vasitəçi deyil, eyni zamanda bu məsələdə vacib nizamlayıcı rol oynamaq potensialına malik bir ölkədir. Bir məsələni da yaddan çıxarmayaq ki, Azərbaycan tarixən neft istehsal edən ölkə kimi bu sahədə “de fakto“ hüquqlarını möhkəmlədə bilib".

Ekspert böhran bitdikdən sonra neft iqtisadiyyatında əsaslı dəyişikliklərin baş verəcəyini bildirib:

"Neftin qiymətinin koronavirus böhranı bitdikdən sonra qalxacağı gözlənilir. Böhran zamanındakı durğunluğun əvəzində böhrandan sonra baş verəcək həddindən artıq yüksək istehlak neftin qiymətinin qalxmasına səbəb olacaq. Nəqliyyatın yüksək templə işə keçməsi neftə olan təlabatı artıracaq. Bununla belə neftin qiyməti əvvəlki qədər yüksələ bilməyəcək. Böhrandan sonra neft iqtisadiyyatının əvvəlki sistemini qoruyub saxlamaq artıq mümkün olmayacaq. Bir sıra dəyişikliklər gözlənilir ki, bunlardan birinin aparıcı neft şirkətlərinin istehsalı baha başa gələn Afrikanın bir sıra ölkələrindəki fəaliyyətlərini dayandırmaları ola bilər”.

Ekspert qalıq yanacaqların yaxın gələcəkdə əsas enerji növü olmaqda davam edəcəyini bildirib: "Böhrandan sonra düşündüyümüzün əksinə olaraq fosil yanacaqlardan bərpa olunan enerjiyə keçid baş verməyəcək. Bir çox dövlətlər, habelə neft istehsal edən ölkələr alternativ enerji növlərinin inkişafına xüsusi diqqət ayırırlar. Lakin bununla elə fosil enerji bundan sonra da əsas enerji növü olaraq qalmaqda davam edəcək. Bəzi mənbələr 2023-cü ildə neftin qiymətinin 46 dollar/barelə qədər yüksələcəyini ehtimal edir. Gələcək illərdə, bəlkə də onilliklərdə neftin önəmli məsələ kimi yenidən gündəmə gələcəyi də istisna olunmur".

Son xəbərlər

Orphus sistemi