“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqini (IDR) “BB+” səviyyəsində təsdiq edib.
“Report” xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir. Reytinq üzrə proqnoz “müsbət”dir.
"Biz SOCAR-ın müstəqil kredit qabiliyyəti üzrə qiymətləndirilməsini onun daha güclü maliyyə profili fonunda “b+”dan “bb-”ə dəyişdik", - “Fitch Ratings” qeyd edir.
Bildirilib ki, aktivlərin bərpa reytinqi “RR4” səviyyəsində təsdiqlənib.
"SOCAR tam dövlətə məxsusdur və onun reytinqi hazırda “Fitch”in dövlətlə əlaqəli şirkətlər üçün (GRE) reytinq meyarlarına uyğun olaraq Azərbaycanın reytinqinə bərabərdir. Bu, şirkətə maliyyə zəmanətləri, pul vəsaitləri və kapitala investisiyalar şəklində göstərilən dövlət dəstəyi, habelə SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət mexanizmi kimi əhəmiyyəti ilə gücləndirilir", - "Fitch" bildirib.