"Fitch": "Petkim"in xarici borcu 2021-2022-ci illərdə xeyli azalacaq"

Energetika
  • 13 oktyabr, 2021
  • 10:05
Fitch: Petkimin xarici borcu 2021-2022-ci illərdə xeyli azalacaq

“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə şirkəti olan “Petkim Petrokimya Holding A.S.”nin ("Petkim") uzunmüddətli defolt reytinqini (Long-Term Issuer Default Rating – IDR) “B”dən “B+”a artırıb.

“Report”un agentliyə istinadən verdiyi xəbərə görə, “Petkim"in reytinq üzrə proqnozu isə "Sabit" olaraq qeyd edilib.

“Fitch”in reytinqi artırması 2021-ci ildə “Petkim”in xarici borcundan 200-300 milyon ABŞ dolları qaytarmaqla onun xeyli azalması gözləntisi ilə bağlıdır. Həmçinin “Petkim” tərəfindən “STAR” Neft Emalı Zavodunun 18 % payının alınmasına 2022-ci ildə 240 milyon ABŞ dolların ödənilməsi planlaşdırılır.

2022-ci ildə "Petkim"in mənfəətinin əhəmiyyətli dərəcədə azalması ilə bağlı proqnozlara baxmayaraq 2024-cü ilə qədər leveric göstəricisi 3 səviyyəsində proqnozlaşdırılır.

Agentlik hesab edir ki, "Petkim"in reytinqi daha böyük, çoxşaxəli qlobal tərəfdaşlarına nisbətən kiçik miqyaslı və yüksək məhsul konsentrasiyası ilə məhdudlaşır.

"Xüsusilə, "Petkim" tək sahəli neft-kimya kompleksinə sahibdir və təbii ki, davamlı olaraq qazancında dalğalanmalar qeydə alınır. Onun biznes profili yaxşı investisiya edilmiş aktivlər bazasına malikdir və xarici valyuta dəyişkənliyinə (FX) qarşı dayanıqlılıdır. Aktivləri yalnız Türkiyədə olduğu üçün yüksək təminatsız alətlər üzrə reytinqi IDR-la məhdudlaşıb", - hesabatda deyilir.