Yuxarı
    Bağlamaq

    Filip Ştalder: "TAP İsveçrədəki qərargahı ilə enerji sektorunda məhsuldar əməkdaşlığın bariz nümunəsidir"

    Səfir: İsveçrəli investorlar Azərbaycan iqtisadiyyatının real sektoruna maraq göstərirlər

    Bakı. 12 may. REPORT.AZ/ "TAP İsveçrədəki mənzil-qərargahı ilə enerji sektorunda məhsuldar əməkdaşlığın bariz nümunəsidir". "Caspian European Club"dan "Report"a verilən məlumata görə, bunu İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistandakı səfiri Filip Ştalder "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi "Caspian Energy"nin nümayəndə heyəti ilə görüşdə bildirib.

    Enerji əməkdaşlığı məsələlərinə toxunan səfir qeyd edib ki, İsveçrə "Cənub Qaz Dəhlizi"nin boru kəməri infrastrukturu qismində TAP (Transadriatik Boru Kəməri) layihəsini fəal şəkildə dəstəkləyib. Səfir bildirib ki, SOCAR Cenevrədəki 160 yanacaqdoldurma məntəqəsi və ticarət strukturu ilə birgə İsveçrədə fəal xarici investor və işəgötürəndir.

    F.Ştalder vurğulayıb ki, İsveçrənin Azərbaycandakı dördüncü səfiri kimi onun məqsədi iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin genişləndirilməsi, o cümlədən İsveçrənin Azərbaycanda iştirakını gücləndirməkdir: “Son bir neçə il ərzində İsveçrə və Azərbaycan sıx əlaqələr qurmağa nail olub. İkitərəfli münasibətlərin genişləndirilməsi üçün münbit siyasi şərait mövcuddur”.

    Səfirin sözlərinə görə, İsveçrənin iqtisadiyyatın müxtəlif sahələrində təmsil olunan nəhəng şirkətləri Azərbaycanda fəaliyyət qurub: “Bakıdan cənubda yerləşən müəssisəsində sement istehsalı ilə məşğul olan İsveçrə şirkətlərindən biri qeyri-neft sektoruna birbaşa xarici investisiyanın axın mənbəyidir. İnşaat və sənaye sektorları üçün xüsusi kimyəvi reagent istehsal edən digər İsveçrə şirkəti isə bu yaz Sumqayıt Kimya Sənaye Parkındakı yeni müəssisədə işləmək niyyətində olduğunu açıqlayıb. Beləcə isveçrəli investorlar ölkə iqtisadiyyatının real sektoruna maraq göstərirlər”.

    “İkitərəfli ticarət dövriyyəsinin təxminən 1 mlrd. İsveçrə frankı (1 mlrd. ABŞ dolları) təşkil etdiyi əvvəlki illərlə müqayisədə mən indi üzə çıxmamış daha geniş potensial və mövcud ticarət göstəricilərinin artımında hər iki tərəfin böyük marağını görürəm”, - deyə F.Ştalder söyləyib.

    Görüş zamanı həmçinin "Caspian European Club" (Caspian Business Club) və "Caspian Energy İnternational Media Group" çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə və informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub.

    Səfir "Caspian European Club" (Caspian Business Club) ilə İsveçrə səfirliyi, eləcə də İsveçrə şirkətləri arasındakı gələcək əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

    Görüşün sonunda F.Ştalder “Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. O, müsahibə zamanı ikitərəfli münasibətləri, iqtisadi və investisiya əməkdaşlığını genişləndirmək imkanlarına toxunub, enerji bazarının inkişaf perspektivlərindən danışıb, turizm sektorunun və enerji əməkdaşlığının inkişafından söz açıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi