Fəqan Əliyev: “Azərbaycanda qeyri-ənənəvi enerji üçün yüksək səviyyədə təbii sərvətlər var”

Fəqan Əliyev: “Azərbaycanda qeyri-ənənəvi enerji üçün yüksək səviyyədə təbii sərvətlər var” “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin intensivləşdirilməsi dünyaya veriləcək böyük töhfə ola bilər”.
Energetika
125
17 Mart , 2022 11:16
Fəqan Əliyev: “Azərbaycanda qeyri-ənənəvi enerji üçün yüksək səviyyədə təbii sərvətlər var”

Azərbaycanda qeyri-ənənəvi enerjinin alınması üçün yüksək səviyyədə təbii sərvətlər var.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, Oksford universitetinin fəxri professoru Fəqan Əliyev deyib.

F.Əliyev bildirib ki, bərpa olunan enerjidən istifadə üçün tək Xəzər dənizi deyil, ölkədəki çaylar da mühüm potensiala malikdir: "Sovet dövründə hesab edilirdi ki, burdakı çaylardan 5 milyard kilovat/saat enerji almaq olar. Sonra Norveçdən gələn alimlər Azərbaycanda tədqiqat apardılar və bildirdilər ki, bu çaylardan 40 milyard kilovat/saat enerji almaq mümkündür. Abşeron yarımadası və Xəzər dənizi külək enerjisi baxımından mühüm əhəmiyyətə malikdir. Ancaq Bakıda külək enerjisindən istifadə etmək mümkün deyil. Çünki burda əhali sıx yaşayır. Bakıda günəş enerjisindən istifadə etmək, binaların damlarında günəş panelləri qoymaq mümkündür".

“Dövlət bu sahədə mühüm addımlar atır”

Professor qeyd edib ki, hazırda haqlı olaraq dövlətimiz dənizdə külək enerjisinin əldə edilməsi ilə bağlı iş aparır: "Ölkə başçımız hakimiyyətinin ilk illərindən bərpa olunan enerjidən istifadə məsələsinə mühüm önəm verir. Bu sahədə bir sıra işlər görülsə də, düzgün mütəxəssis yanaşması olmadığından lazımi işlər görülmədi. İndi ölkədə həm günəş, həm də külək enerjisindən istifadə üçün yeni bir mərhələ başlayıb. Bu, çox müsbət amildir. İşğaldan azad edilmiş ərazilərdə və Qaradağda günəş, Xəzər dənizində külək enerjisindən istifadə ediləcək. Artıq bu işin təməli qoyulub. Ərəblər Azərbaycanda bu sahəyə investisiya qoyurlar. Hər ölkəyə investor yatırım etmir. Xarici şirkətlər bilir ki, Azərbaycan varlı bir ölkədir, neft və qaz kimi sərvəti var və bərpa olunan enerji üzrə işlərin görülməsinə zəmanət verə bilər”.

“Yaşıl enerji” ölkə üçün çox faydalı olacaq”

Müsahibimiz artıq dünyada neft erasının bitdiyini vurğulayıb: "Xatırladım ki, “British Petroleum”un (BP) Meksika körfəzinə tullantılar axıtması orda balıqçılığa güclü zərbə vurmuş xeyli insan işsiz qalmış və şirkət böyük məbləğdə təzminat ödəməli olmuşdu. Bizdə belə hallar yoxdur. Amma Xəzər dənizi çirklidir. Artıq Xəzərdə balıqçılığın əvvəlki səviyyəsi yoxdur. Biz Xəzər dənizində küləkdən enerji almağın intensivliyini artırsaq, çox faydalı olar.

İşğaldan azad edilmiş ərazilərdə, Qaradağda və ölkənin digər rayonlarında bərpa olunan enerji mənbələrindən istifadə sistemini qurmaqla, hibrid sistemləri artırmaqla, həm də bütün dünyaya böyük töhfə vermiş olarıq. Azərbaycan bununla bütün dünyaya bir daha necə sivil bir dövlət olduğunu sübut edər. Bu işlərin görülməsi həm iqtisadi, həm sosial, həm də siyasi cəhətdən mühüm əhəmiyyətə malikdir və bu sahədə atılan addımları alqışlamağa dəyər”.

Son xəbərlər

Orphus sistemi