"Avropa ölkələri Rusiyanın təbii qazından asılılıqlarını aradan qaldırmağa çalışdığı bir vaxtda, Azərbaycanın Avropa İttifaqının (Aİ) üzvü olan bir neçə ölkəyə qaz boru kəmərinin genişləndirilməsi strategiyası həyati əhəmiyyət kəsb edir və xalis sıfır karbon emissiyası hədəfinə çatmaqda mühüm rol oynayacaq".
“Report” xəbər verir ki, bunu "EU Reporter" nəşri yazıb.
Məqalədə deyilir ki, ekoloji cəhətdən təmiz enerjiyə keçid prosesi bir neçə il çəksə belə, bu, Rusiya qazından asılılığı azaltmaq və ətraf mühiti xüsusilə çox çirkləndirən kömürdən tamamilə imtina etmək üçün çox vacibdir.
İtaliyanın Baş naziri Mario Draghi paytaxt Romada Yunanısta, İspaniya və Portuqaliya rəsmiləri ilə görüşdə bildirib ki, onlar Avropa Komissiyasını energetika məsələlər ilə bağlı sərt tədbirlər görməyə vadar edəcəklər. Hökumət başçısının fikrincə, Azərbaycan qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdıran, Yunanıstanı, Albaniya və İtaliyanı əhatə edən Trans-Adriatik qaz boru kəməri (TAP) sayəsində ölkəsi Rusiyadan qaz tədarükünün qısamüddətli dayanmasına davam gətirə biləcək.
Yazıda həmçinin bildirilir ki, TAP-ın illik ötürücülük qabiliyyətini 2 dəfə artıraraq 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq olar. Belə ki, Azərbaycan qazının əsas istehlakçısı olan Türkiyə ərazisinə ötürülən "mavi yanacağ"ın həcminin yaxın 4-5 il ərzində 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bundan başqa, Yunanıstan və Bolqarıstan arasında qaz əlaqəsinin təkmilləşdirilməsi müzakirə olunur. Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan qazını “enerji qarışığımızın çox qiymətli hissəsi” adlandırıb, kömürdən istifadəni azaltmaq, üçün Ai-na üzv olmaq istəyən bəzi Balkan yarımadası ölkələrinə qaz tədarükünün artırılmasının vacib olduğunu söyləyib.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson isə “qaz təchizatının təhlükəsizliyi baxımından incə məqam"dan danışıb və deyib ki, Azərbaycan Aİ-na doğru addım artıb, bu ölkə “etibarlı və güvənilən” tərəfdaşdır. Azərbaycanda neft-qaz sənayesi ilə yanaşı, bərpa olunan enerji sektoru da inkişaf edir. Prezident İlham Əliyev deyib ki, ölkə böyük təbii ehtiyatlarla bağlı məsuliyyətini anlayır.
"Aİ ilə daha sıx əlaqələrdən çoxşaxəli müsbət nəticələr gözləyirik. Bizim enerji siyasətimiz enerji mənbələrin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından daha çox önəm kəsb edir, çünki bu, ölkələr arasında yeni əlaqələr yaradır, qarşılıqlı inamı artırır", - deyə "EU Reporter" Azərbaycanın dövlət başçısından sitat gətirib.