Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi layihəsində 50 % payını Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satmaq üzrə sövdələşməni başa çatdırıb.
"Report" bu barədə "Equinor"a istinadən xəbər verir.
“SOCAR-a "Qarabağ" layihəsində 50 % payın satışı üzrə sövdələşmə 2024-cü il aprelin 24-də başa çatıb”, - şirkətin materiallarında bildirilib.
Eyni zamanda, “Equinor”, 2024-cü ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin işlənməsi layihələrindəki paylarının satışı üzrə sövdələşməni tamamlamağı planlaşdırdığını qeyd edir.
Norveç şirkəti xatırladıb ki, 2023-cü il dekabrın 22-də SOCAR ilə AÇG, BTC və “Qarabağ” layihələri də daxil olmaqla, Azərbaycandakı portfelinin satışına dair Saziş imzalayıb.
"Sövdələşmə elan edildikdən sonra, Hindistanın "ONGC Videsh Limited" (ONGC) şirkəti AÇG-nin Birgə İstismar Sazişinə uyğun olaraq öz üstün alış hüququndan istifadə etməyə qərar verdi. Nəticədə, iyul 19-da AÇG və BTC layihələrində [payların] alqı-satqısı haqqında dəyişdirilmiş və təkmilləşdirilmiş Saziş imzalandı. Sövdələşmənin bağlanması bütün tənzimləyici və müqavilə təsdiqləri də daxil olmaqla müəyyən şərtlərin yerinə yetirilməsindən asılıdır", - deyə "Equinor" bildirir.
Şirkətin məlumatına görə, yeni Sazişə əsasən, "Equinor"un AÇG layihəsindəki 7,27 % payından SOCAR 6,655 %, ONGC isə 0,615 % əldə edib. Norveç şirkətinin BTC layihəsindəki 8,71 % payından SOCAR 7,96 %, ONGC isə 0,75 % əldə edib.
"Azərbaycan son 30 il ərzində "Equinor"un beynəlxalq portfelinin mühüm hissəsi olub. SOCAR və AÇG-nin digər tərəfdaşları ilə birlikdə biz tərəfdaşlıq və Azərbaycan cəmiyyəti üçün əhəmiyyətli dəyər yaratdıq. SOCAR uzunmüddətli perspektivdə aktivlərdən daha çox dəyər yaratmaq üçün yaxşı mövqedədir və biz uzun illər ərzində sıx əməkdaşlığı yüksək qiymətləndiririk", - "Equinor"un beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matye bildirib.
"Equinor" şirkəti 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir. SOCAR və "Equinor" 31 may 2018-ci il tarixində Bakıda Əşrəfi - Dan Ulduzu - Aypara perspektiv strukturlar blokunun kəşfiyyatı və işlənməsi üzrə Hasilatın Pay Bölgüsü (PSA) tipli müqavilə və "Qarabağ" yatağının işlənməsi üzrə Risk Xidməti Müqaviləsi imzalayıblar. Layihənin həyata keçirilməsi üçün SOCAR və "Equinor" bərabər payla (50 %/ 50 %) əməliyyat şirkəti yaradıblar.
“Qarabağ” yatağı Bakıdan 130 km şərqdə yerləşir. Müqavilə sahəsi 16 milyon ton neft və 28 milyard kubmetr qaz ehtiyatına malikdir. Burada dənizin dərinliyi 180 metrdir.