Bu ilin I rübündə istehlakçıların hüquqlarının qorunması, abunəçilərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə bilavasitə və Energetika Nazirliyindən 1 714 müraciət daxil olub.
Bu barədə “Report”a nazirlikdən bildirilib.
Məlumata görə, elektrik enerjisi təchizatı ilə bağlı 79-u məlumat üçün olmaqla, cəmi 1349 müraciət daxil olub. Bu, I rüblə müqayisədə 260 müraciət və yaxud 24% çoxdur.
Təbii qaz təchizatı ilə bağlı 12-si məlumat üçün olmaqla, cəmi 171 müraciət daxil olub. Bu, I rüblə müqayisədə 170 müraciət və yaxud 49,8 % azdır.
İstilik təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla, cəmi 10 müraciət daxil olub. Bu, I rüblə müqayisədə 12 müraciət və yaxud 54,5 % azdır.
Digər məsələlərlə bağlı 43-ü məlumat üçün olmaqla, cəmi 184 müraciət daxil olub. Bu, I rüblə müqayisədə 74 müraciət və yaxud 29 % azdır.
Ümumilikdə 1 714 müraciətdən 1 103-nü Agentlik araşdırıb və cavablandırıb. Həmçinin 15 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib və 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub.
Bundan əlavə 474 müraciət hazırda baxılma prosesindədir və 135 məlumat xarakterli müraciətdən 33-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
2021-ci ilin II rübündə yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına verilmiş istismara buraxılış aktlarının sayı I rüblə müqayisədə 85% artaraq 63 akt təşkil edib.
Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının ekspertizadan keçirilərək razılaşdırılmış layihə sənədlərinin sayı I rüblə müqayisədə 47% artaraq 72 layihə təşkil edib.
II rübdə aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 16, qaz qurğularına aid 19 layihə sənədinin razılaşdırılmasından imtina olunub.
II rübdə 26 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğaclar kompüterlə oxunub.
II rübdə razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazələrin sayı I rüblə müqayisədə 35% azalıb və 162 icazə təşkil edib.
II rübdə qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 1-ci rüb ilə müqayisədə 11 faiz azalıb və 828 tikinti obyekti təşkil edib.
II rübdə qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 2, elektrik şəbəkəsinə isə 2 qeyri-qanuni qoşulma faktı aşkar edilib.
II rüb ərzində tərtib edilmiş inzibati xəta haqqında protokolların sayı 22,5 faiz artaraq 49-a, protokollar üzrə qəbul edilən qərarların sayı isə 59 faiz artaraq 81-ə çatıb.
Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə aparılan texniki yoxlamaların sayı I rüblə müqayisədə 13,5% artaraq 42-yə çatıb.
II rübdə qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə aparılan texniki yoxlamaların sayı I rüblə müqayisədə 7,8% artaraq 41-ə çatıb.
Peşə biliklərinin yoxlanılması üçün müraciət edən müəssisə və təşkilatların sayı I rüblə müqayisədə artıb. II rübdə Agentliyə müraciət edən müəssisələrin sayı 67% artaraq 40 müəssisə təşkil edib, həmin müraciətlər əsasında əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılan elektrik təsərrüfatına cavabdeh şəxs və təhlükəsizlik texnikası üzrə mühəndislərin sayı 29% artaraq 190 nəfərə çatıb. Bundan başqa, Agentlik biliklərin artırılması üçün təkliflər verib, metodiki yardım göstərib.
II rübdə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Texniki Şuralara edilmiş müraciətlərin sayı I rüblə müqayisədə 34,5% artaraq 732 müraciət təşkil edib. Müraciətlərin hamısı müsbət həll edilib.
Müraciətlərə Bakıda və regionlarda yerləşən 17 “ASAN xidmət" və “ASAN Kommunal” mərkəzlərində və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.