Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər

Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər Onlar Minsk Vilayətinin qaz təchizatı şəbəkələrinin mərkəzdən interaktiv idarəetmə sistemi ilə tanış olublar
Energetika
24 Noyabr , 2017 11:41
Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər

Bakı. 24 noyabr. REPORT.AZ/ Beynəlxalq Enerji Agentliyinin “EU4Energy” proqramı çərçivəsində “Müxtəlif bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası, təqdimat və inkişaf siyasəti Forumu”nda iştirak və “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafında dair Strateji Yol Xəritəsi”nin icrası istiqamətində beynəlxalq təcrübəni öyrənmək məqsədilə Energetika Nazirliyinin əməkdaşları Eldar Şiriyev və Otel Hüseynov Belarusda səfərdə olublar. Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Strateji Yol Xəritəsində texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatının həyata keçirilməsi nəzərdə tutulur.

Bu tədbirin icrası üçün Belarus təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Energetika Nazirliyinin nümayəndələri istehlakçıları təbii və mayeləşdirilmiş qazla təmin edən "Minskoblgaz” unitar müəssisəsinə baş çəkiblər. Minsk vilayətinin qaz təchizatı şəbəkələrinin mərkəzdən interaktiv idarəetmə sistemi ilə tanış olublar.

Bildirilib ki, ölkənin ən böyük qaz təchizatçılarından olan müəssisə qaz paylama sisteminin idarə olunmasını, istehlakçılara qaz təchizatını, qaz paylayıcı sistemə aid obyektlərin mərkəzləşdirilmiş idarəedilməsinin təşkilini, qaz təchizatı sisteminin istismara buraxılmasını, qaz paylama sisteminin obyektlərində enerji qənaət avadanlıqlarının və qabaqcıl texnologiyaların istifadəsini və ətraf mühitə zərərli təsirini azaldan avadanlılarla təchiz olunmasını təmin edir. Eyni zamanda qaz paylama sisteminin obyektlərinin yanğından mühafizə, sənaye və ətraf mühitin təhlükəsizliyinin təmin olunması tədbirlərini həyata keçirir. Bütün növ istehlakçıları, müasir qaz ölçü cihazları, enerji qənaət texnologiyaları və s. ilə təmin edir.

Müəssisədə keçirilən görüşdə qaz təchizatı sahəsində hər iki ölkənin təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın neft-qaz sənayesində həyata keçirilən islahatlar barədə məlumat verilib, Cənub Qaz Dəhlizi layihəsinə dair videoçarx nümayiş etdirilib.

Nümayəndə heyəti Minsk Təmir-İstehsalat İdarəsi, Maye Qazın Təchizatı Sahəsi, Qaz Tənzimləyici Məntəqələri və Əhaliyə Xidmət Mərkəzi, “Rudenskiy” Qazdoldurma Stansiyasının işi ilə tanış olublar.

Energetika Nazirliyinin nümayəndələri Foruma da qatılaraq, çıxışlar ediblər.

Son xəbərlər

Orphus sistemi