Energetika Nazirliyində ​Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Energetika Nazirliyində ​Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib Səfir Böyük Britaniya hökumətinin dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb
Energetika
6 May , 2016 16:13
Energetika Nazirliyində ​Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkədəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bubarədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, nazir səfirin diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin enerji sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Böyük Britaniya əlaqələrinin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edən N.Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında BP şirkətinin 20 ildən artıq bir müddətdə Azərbaycanda neft və qaz sənayesinin inkişafına verdiyi töhfə, Xəzər regionunda nəhəng hasilat və nəqletmə sisteminin yaradılmasında, yeni texnologiyaların regiona gətirilməsində bu şirkətin xidmətlərinin mühüm rol oynadığı vurğulanıb.

BP ilə anlaşma şəraitində əməkdaşlıq edildiyini deyən N.Əliyev bu şirkəti Azərbaycanın etibarlı, strateji tərəfdaşı kimi dəyərləndirib. “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənilməsi üzrə yeni razılaşmanın imzalanması, “Şahdəniz” yatağında aparılan işlər və həyata keçirilən enerji layihələri ilə Azərbaycan-Böyük Britaniya əməkdaşlığının daha bir neçə onillikləri əhatə edəcəyinə əminliyini bildirib.

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının fevralın 29-da Bakıda keçirilmiş ikinci iclasının əhəmiyyətindən danışan səfir uğurlu əməkdaşlığı və Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, Böyük Britaniya hökumətinin bundan sonra da dəstəyini davam edəcəyini diqqətə çatdırıb.

N.Əliyev isə bildirib ki, Böyük Britaniya Enerji və İqlim Dəyişikliyi Nazirliyi Beynəlxalq enerji Departamentinin baş direktoru Edmund Hoskerin toplantıda "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasında, enerji resurslarının diversifikasyasında Azərbaycanın rolunu yüksək qiymətləndirməsi beynəlxalq ictimaiyyət, xüsusilə də maliyyə qurumları üçün ciddi mesaj idi.

Hazırda "Cənub Qaz Dəhlizi" layihəsinin vaxtında icra edilməsinin Azərbaycan üçün əsas prioritet olduğu qeyd edilib. Bildirilib ki, mayın 17-də Salonikidə (Yunanıstan) TAP-ın təməlinin qoyulması ilə bu layihənin də icrasına rəsmi start veriləcək. “Bununla da "Cənub Qaz Dəhlizi"nin reallaşması istiqamətində hər hansı maneə qalmayacaq”, - deyən energetika naziri layihənin genişləndirilməsinin və Balkan ölkələrinin qaza olan tələbatının ödənilməsinə imkan verəcək interkonnektorların tikintisinin də vacibliyini bildirib.

Görüşdə həmçinin ölkədə qaz hasilatının artırılması istiqamətində görülən işlərdən, enerji bazarının hazırkı vəziyyətindən və neftin qiymətində tarazlığın yaradılması məqsədilə keçirilmiş OPEC-ə üzv və qeyri-üzv ölkələrin Doha sammiti və iyunda planlaşdırılan Vyana görüşündən də bəhs edilib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi