Energetika naziri: “Ötən il Azərbaycan qaz ixracını 18 % artırıb”

Energetika naziri: “Ötən il Azərbaycan qaz ixracını 18 % artırıb” zərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 5,6 milyard kubmetr qazla təchiz edib
Energetika
13 Yanvar , 2023 11:57
Energetika naziri: “Ötən il Azərbaycan qaz ixracını 18 % artırıb”
Pərviz Şahbazov

2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artırıb.

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.

Nazirin sözlərinə görə, ötən il Azərbaycandan Avropaya 11,4 milyard kubmetr qaz tədarük edilib.

O bildirib ki, bu müddətdə Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac olunub.

P. Şahbazov vurğulayıb ki, bu dövrdə Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 5,6 milyard kubmetr qazla təchiz edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan Avropaya 8,2 milyard kubmetr təbii qaz tədarük olunub.

Xatırladaq ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB)IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi