Yuxarı

​Energetika naziri Kosta-Rikanın xarici işlər və etiqad nazirini qəbul edib

N.Əliyev neft ölkələrinin gəlirlərinin azalmasına rəğmən Azərbaycan iqtisadiyyatının qənaətbəxş olduğunu deyib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sansın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, xüsusilə enerji sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Latın Amerikası dövlətləri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verildiyini bildirən energetika naziri Natiq Əliyev enerji ölkəsi kimi Azərbaycanın böyük tarixə və neft-qaz sənayesi sahəsində zəngin təcrübəyə malik olduğunu diqqətə çatdırıb.

N.Əliyev hazırda bütün neft ölkələrinin gəlirlərinə təsir göstərən neqativ qlobal tendensiyalara rəğmən, Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişaf göstəricilərinin qənaətbəxş olduğunu deyib. Özünün enerji təhlükəsizliyini təmin etmiş Azərbaycanın indi neft, qaz, elektrik enerjisi ixrac etdiyini diqqətə çatdıran nazir Cənub Qaz Dəhlizinin əhəmiyyəti və bu nəhəng layihəninin reallaşdırması istiqamətində görülən işlərdən də danışıb.

Əsas hədəf kimi enerji səmərəliliyi məsələsinə, elektrik enerjisinin paylanma sisteminin yeniləşdirilməsinin vacibliyinə toxunan energetika naziri bəyan edib ki, ölkələrin bu gün sülhə, sabitliyə və beynəlxalq əməkdaşlığa böyük ehtiyacı var.

Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sans isə Kosta-Rika iqtisadiyyatının turizm, kənd təsərrüfatı və elektrik avadanlıqlarının istehsalı və ixracı üzərində qərarlaşdığını deyərək, ölkəsinin xarici sərmayədarlar üşün əlverişli siyasi sabitliyə malik olduğunu bildirib. Nazir iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə etmək məqsədilə qarşılıqlı görüşlərin, səfərlərin təşkilini vacib sayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi