“Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra enerji resurslarının nəqlində təhlükəsizliyini daha çox təmin edib”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib.
Onun sözlərinə görə, təbii qaz siyasi alətə çevrilir, lakin Azərbaycan bu enerji resursundan heç vaxt belə istifadə etməyib.
E.Nəsirov qeyd edib ki, Cənub Qaz Dəhlizi (SGC) layihəsi qlobal enerji bazarında Azərbaycanın təbii qaz ixracatçısı kimi rolunu gücləndirməyə imkan verib.
“SGC genişləndirmə imkanları olan layihədir. Onun ötürmə qabiliyyətini, həmçinin ölkədə qaz hasilatını artırmaq planlaşdırılır”, - SOCAR-ın rəsmisi əlavə edib.
E.Nəsirov hazırda təbii qazın nəqlində sərfəli qiymətlərin olduğunu qeyd edib.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox, o cümlədən İtaliyaya 10 milyard kubmetrdən çox təbii qaz nəql edilib.