"Alternativ enerji üzrə sənaye müəssisəsi sahibkarların marağında olmalıdır" - MÜSAHİBƏ

"Alternativ enerji üzrə sənaye müəssisəsi sahibkarların marağında olmalıdır" - MÜSAHİBƏ Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov “Report”a müsahibə verib:
Energetika
21 Fevral , 2020 18:18
Alternativ enerji üzrə sənaye müəssisəsi sahibkarların marağında olmalıdır - MÜSAHİBƏ

Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov “Report”a müsahibə verib: 

- Hazırda Azərbaycanda alternativ enerji istehsalının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulan prioritet məsələlər hansılardır?

- Prezident İlham Əliyevin "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 29 may 2019-cu il tarixli sərəncamı ilə qarşıya iki tapşırıq qoyulmuşdu. Bunlardan biri alternativ enerji mənbələrinin təşviq edilməsi, digəri isə qanun layihəsinin hazırlanması ilə bağlı idi. Artıq həmin qanun layihəsi hazırdır və müxtəlif qurumlarla razılaşdırılır. Bu mərhələ yekunlaşdıqdan sonra sənəd Prezident Administrasiyasına təqdim olunacaq, oradan isə Milli Məclisə göndəriləcək. Bu qanunda alternativ enerji istehsalı ilə bağlı həm böyük, həm də kiçik layihələrin dəstəklənməsi nəzərdə tutulub.

Ələsgər Həsənov
Ələsgər Həsənov

- Danimarka, Latviya, İspaniya, Almaniya kimi ölkələrdə istehsal edilən alternativ enerjinin böyük hissəsi ev təsərrüfatlarına, kənd yerlərində bağçılığa və digər sahələrə yönəldilir. Azərbaycanda nə üçün bu təcrübədən geniş şəkildə istifadə olunmur?

- Tutaq ki, siz öz şəxsi istehlakınız üçün elektrik enerjisi istehsal etmək istəyirsiniz. Özünüzə məxsus bir ərazidə günəş panelləri quraşdırır və yaxud kiçik su elektrik stansiyası qurursunuz. Bu zaman əgər şəbəkəyə qoşulmamısınızsa, məhdud saatlarda enerji alacaqsınız. Əgər günəş paneli quraşdırmısınızsa, günün təqribən 8 saatını enerji ala biləcəksiniz. Ona görə də biz təklif edirik ki, siz həm də şəbəkəyə qoşulasınız. Bu zaman günəşli saatlarda şəbəkəyə istifadənizdən artıq olan enerjini verirsiniz, günəşli saatlar olmayanda, məsələn, qış aylarında, qar yağanda, hava buludlu olanda, siz şəbəkədən enerji alırsınız. Bütün dünyada bu təcrübədən istifadə olunur. Həmin enerji hesablanır və müəyyən perioddan bir əvəzləşdirilir. Belə ki, 1 aylıq, 3 aylıq və ya illik hesabat dövrü var. Həmin hesabat dövrünün sonunda əgər siz şəbəkədən enerji vermisinizsə, topdansatış tarifi ilə “Azərişıq” ASC-dən pulunuzu alırsınız. Yox, əgər siz şəbəkədən enerji almısınızsa, onda pərakəndə satış tarifi ilə siz “Azərişığ”a pul ödəyirsiniz. Burda əsas məsələ həmin qurğuların quraşdırılmasının çox xərc aparmasıdır. Bundan əlavə, əgər günəş paneli 20 il işləyirsə, akkumlyator 5 il işləyir. Dünya ölkələri ilə müqayisə etsək, bizm tariflər elə də yüksək deyil. Günəş panellərinin quraşdırılması və saxlanılması xərclərini də nəzər alsaq, bizdə şəbəkədən enerji almaq onu quraşdırmaqdan daha sərfəlidir. Şəbəkəyə qoşulmadan kənarda qapalı bir sistem qurmaq baha başa gəlir. Lakin bəzi insanlar buna məcburdur. Çünki bəzi yerlərdə elektrik enerjisi olmur. Tutaq ki, siz yaylaqda qalırsınız, yaxud kənddən uzaqda bir əraziniz var, amma orada elektrik enerjisi yoxdur. Burada siz enerji əldə etmək üçün müəyyən qurğular quraşdırmağa məcbur olursunuz. İnsanlarda alternativ enerji istehsalına maraq yaradılması üçün aktiv istehlakçıların dəstəklənməsi mexanizmi lazımdır. Yəni ikitərəfli sayğac quraşdırılır, həm elektrik enerjisi, həm də alternativ enerjidən istifadə edilir və əvəzləşdirmə mexanizmi tətbiq olunur. Qanun layihəsində bütün bu məsələlər öz əksini tapıb.

- Özəl sektorun alternativ enerji istehsalını artırması üçün hansı addımlar atılmalıdır?

- Bunun üçün konkret iqtisadi əsaslar müəyyənləşdirilməlidir. İndi bizim aldığımız təkliflər mövcud topdansatış tarifləri çərçivəsindədir. Əgər bu gün biz elektrik enerjisi ixrac edə biliriksə, bu o deməkdir ki, aldığımız enerjini də sata bilərik. Bərpa olunan enerji mənbələrindən aldığımız enerjini də istifadə edə bilərik. Amma bunların hamısının iqtisadi əsasları hazırlanmalı, sərfəli olub-olmayacağı dəqiqləşdirilməlidir. Düşünürəm ki, bunu reallaşdırmaq mümkündür. İndiyə qədər gördüyümüz işlərin əksəriyyəti dövlət investisiyası ilə həyata keçirilib. Hazırda iki layihə üzrə müqavilə bağlamışıq ki, bunların hər ikisi özəl sektorun iştirakı ilədir. Dövlət bu layihələrə hər hansı maliyyə dəstəyi göstərməyəcək. Həmin layihələrə bütün investisiya özəl sektor tərəfindən qoyulub.

- Azərbaycan üçün elektrik enerjisi istehsalı sahəsində beynəlxalq reytinq cədvəllərində mövqeyini yüksəltmək nə dərəcədə maraqlıdır?

- Bu məsələ də dövlət tərəfindən daim diqqətdə saxlanılır. Ümumilikdə, biz yalnız hansısa hesabat göstəricilərində irəliləmək üçün deyil, əhalinin yüksək səviyyədə enerji resursları ilə təmin edilməsi üçün çalışırıq. Bizim əsas məqsədimiz budur. Bu məqsəd layiqincə yerinə yetiriləndə biz həmin reytinq cədvəllərində müəyyən nəticələr əldə edə bilirik. Bunun üçün isə həm qanunvericilik aktlarının təkmilləşdirilməsi, həm sahibkarlar üçün əlverişli mühitin yaradılması, həm də əhalinin enerji resurslarına əlçatanlığının təmin edilməsi daim diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər beynəlxalq reytinq cədvəllərində nəticələr əldə etməyə imkan verir.


- Ölkəmizdə alternativ enerji üzrə sənaye müəssisələrinin yaradılmasını məqsədəuyğun hesab edirsinizmi?

- Bizdə günəş panellərinin istehsalı zavodu var. Bununla belə, bəzi məsələlər iqtisadi əsaslandırma və təhlil tələb edir. Məsələn, bu gün hər hansı bir yerdə külək turbinləri zavodu qurmaq istəsəniz, təkcə Azərbaycanı nəzərə almamalısınız. Bu, çox böyük vəsait tələb edən sənaye sahəsidir. Siz ətraf bazarları təhlil etməli, gələcəkdə istehsal etdiyiniz külək turbinlərini qonşu ölkələrə ixrac etməyin mümkün olub-olmayacağını bilməlisiniz. Bu sənaye sahəsində innovativ inkişaf və ciddi rəqabət var. Lakin bu sahənin təhlili dövlətdən daha çox sahibkarların marağında olmalıdır. Onlar özləri xüsusi təhlillər aparmalıdır. Sadəcə biz də dövlət tərəfindən həmin sahibkarlara müəyyən tələbat planları təqdim edə bilərik. Sahibkarlar da bunun əsasında istehsal zavodları qurmağın onlar üçün faydalı olub-olmayacağı barədə qərar verə bilərlər. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Dünyanın əksər ölkələrində günəş panellərinin istehsalında yerlilik payı adlanan anlayış var. Bu o deməkdir ki, istehsal müəssisəsi bir ölkədə fəaliyyət göstərir, lakin həmin qurğuların müəyyən hissələri xarici ölkələrdə istehsal olunur və gətirilib həmin ölkədə quraşdırılır. Az sayda ölkə var ki, onların istehsal etdikləri günəş panelləri tamamilə yerli məhsuldur. Onlar da qarşılarına böyük hədəflər qoymuş ölkələrdir. Biz isə hələlik böyük bazarlar tapmalı, daha sonra o bazarlarda rəqabətə davam gətirməliyik. Azərbaycanda günəş kollektorlarının və bəzi digər qurğuların istehsalı mümkündür. Biz də nazirlik olaraq hər zaman bu istiqamətdə sahibkarlara dəstək verməyə hazırıq.

Son xəbərlər

Orphus sistemi