Elektrik şəbəkəsinə qoşulmaya dair elektron müraciətlər 10 dəfə artıb

Elektrik şəbəkəsinə qoşulmaya dair elektron müraciətlər 10 dəfə artıb Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Energetika
29 Oktyabr , 2021 09:46
Elektrik şəbəkəsinə qoşulmaya dair elektron müraciətlər 10 dəfə artıb

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, işçi qrupun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyevin giriş nitqi ilə start götürən iclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Azranking.az” portalının təqdimatı keçirilib, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən portalın funksionallığı və mövcud platformaları barədə ətraflı məlumat verilib.

İclasın gündəliyinə uyğun olaraq, aidiyyəti qurumların nümayəndələri tərəfindən işçi qrupunun ötən iclasının Protokolu ilə qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. Elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılması məqsədi ilə “Deloitte” şirkəti cəlb edilməklə hazırlanmaqda olan Kommunikasiya Strategiyası layihəsinə və bu istiqamətdə qarşıda duran vəzifələrin icrasına dair müzakirələr aparılıb.

Elektrik şəbəkəsinə qoşulma ilə bağlı həyata keçirilən islahatlar və elektron müraciətlərin təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair məlumat verilib, elektron müraciətlər üzrə yüksək dinamikanın müşahidə olunduğu, 2020-ci illə müqayisədə 10 dəfəyə qədər artımın qeydə alındığı bildirilib.

Elektrik təchizatı şəbəkəsinə qoşulma prosesinin qiymətləndirilməsinə dair kiçik və orta biznes subyektləri arasında cari ilin 3 rübündə keçirilmiş sorğuların nəticəsi ilə bağlı təqdimat nümayiş etdirilib, nəticələrin təhlili aparılıb, Kommunikasiya Strategiyasının hazırlanması prosesində sorğu nəticələrinin nəzərə alınması tövsiyə olunub. Növbəti ildən sorğuların keçirilməsinin özəl şirkət cəlb edilməklə reallaşdırılacağı vurğulanıb.

“Paylayıcı Şəbəkələr üzrə Enerji Təchizatının Keyfiyyət Göstəricilərinin Təyin Edilməsi Metodikası” adlı sənədin təkmilləşdirilməsi və illik elektrik enerjisi təchizatında fasilələrin azaldılması, texnoloji itkilərin minimuma endirilməsi üzrə görüləcək işlərlə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması prosesinə dair məlumat verilib.

İşçi Qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb, layihənin ötən illər üzrə fəaliyyət planlarının icrası zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla və müasir yanaşmaların tətbiqi ilə formalaşdırılmasının əhəmiyyəti qeyd edilib.

İclasda Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” və “Azərenerji” ASC-lər, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Deloitte”, “Ekvita”, “Baker Tilly” və “BDO” şirkətlərinin nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi