Ekspert: “SGC Azərbaycanın etibarlı partnyor statusunu bir daha təsdiq edir”

Ekspert: “SGC Azərbaycanın etibarlı partnyor statusunu bir daha təsdiq edir” Azərbaycanın bu layihə çərçivəsində ən böyük uğuru Avropa standartları çərvisəndən kənara çıxmadan üzərinə düşən öhdəlikləri vaxtından da tez həyata keçirməklə vəsaitlərə qənaət etməsindədir
Energetika
11 Fevral , 2021 12:34
Ekspert: “SGC Azərbaycanın etibarlı partnyor statusunu bir daha təsdiq edir”

Bu gün Bakıda videokonfrans formatında Cənubi Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclası keçiriləcək. Bəs Şuranın fəaliyyətinin ötən dövr ərzində Azərbaycan üçün əhəmiyyəti nədən ibarət oldu?

Bu barədə “Report”a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Şuranın hansısa qərarverici səlahiyyəti olmasa da, onun mövcudluğunun ortada olan hər hansı problemlərin daha qısa müddətdə digər qurumlarla uyğunlaşdırılması və həllinə yardımcı olmaq baxımından əhəmiyyəti danılmazdır.

Onun sözlərinə görə, digər tərəfdən Şura layihə üzrə qrafikdən geriqalmaları minimuma endirmək yönündə işlərin koordinasiyası baxımından da önəmlidir: “Şuranın yaradılması məsələsi Azərbaycanın təşəbbüsü ilə 2015-ci ildə gündəmə gətirildi. Məqsəd isə reallaşdırlması nəzərdə tutulan layihələrin maksimal dərəcədə qrafik çərçivəsində saxlamaq idi. O zaman biri birindən asılı olmayan dörd layihə vardı. Bunlardan biri hasilat, digərləri isə infrastruktur layihəsi idi. Onların icrası üçün böyük kapital qoyuluşları və əməktutumlu işlər görüləcəkdi”.

Ekspert bildirib ki, iri layihələrin icrasında təcrübəsi olan Azərbaycan bilirdi ki, heç də hər zaman işlər qrafik və plana uyğun getmir: “Bu baxımdan cənab Prezidentin belə bir qurumun yaradılması təşəbbüsü çox düzgün və vaxtında atılmış addım oldu. Layihəyə cəlb olunan ölkələrin müvafiq qurumlarının, o cümlədən burada iştirak edən şirkətlərin, maliyyə qurumlarının ildə bir dəfə toplanaraq ötən dövrə nəzər salmaqla, qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmaları üçün belə bir platformanın olması artıq özü özlüyündə kifayət qədər əhəmiyyətə malikdir”.

İlham Şaban diqqətə çatdırıb ki, Azərbaycanın bu layihə çərçivəsində ən böyük uğuru Avropa standartları çərçivəsindən kənara çıxmadan üzərinə düşən öhdəlikləri vaxtından da tez həyata keçirməklə vəsaitlərə qənaət etməsindədir: “Biz Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) nə zamansa qrafikdən əvvəl nəyisə həyata keçirdiklərini və ya yaxud da maliyyə vəsaitlərinə qənaət etdiklərini eşitmədik. Ancaq ölkəmiz öz hüdudlarından kənarda ilk dəfə ərsəyə gətirdiyi və operatorluğunu etdiyi Trans-Anadolu Qaz Kəmərində (TANAP) bunu reallaşdırmağı bacardı. Buna ilk növbədə hökumətlə biznesin sıx təmasda işləməsi imkan verdi. Biz bu sinerjini Azərbaycan və Gürcüstanda həyata keçirilən digər layihələrdə də gördük. Bütün bunlar nəticə etibarı ilə həm Azərbaycanın etibarlı partnyor statusunu bir daha təsdiq edir, həm də vəsaitlərin səmərəli idarə olunması işinin düzgün təşkil olduğunu göstərir”.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı isə 2020-ci il fevralın 28-də keçirilib.

Son xəbərlər

Orphus sistemi