Ekspert: “IAP-ın tikintisi ilə bağlı məsələ qeyri-müəyyəndir”

Ekspert: “IAP-ın tikintisi ilə bağlı məsələ qeyri-müəyyəndir” Bu layihədə maliyyələşdirmə, qazın alıcısının kim olacağı məsələlərini həll etmək lazımdır
Energetika
189
26 İyul , 2021 14:07
Ekspert: “IAP-ın tikintisi ilə bağlı məsələ qeyri-müəyyəndir”

Azərbaycan qazının Cənub-Şərqi Avropada bir neçə ölkəyə nəqlini nəzərdə tutan İon-Adriatik Boru Kəmərinin (IAP) tikintisi ilə bağlı məsələ qeyri-müəyyəndir.

Bu barədə “Report”a neft-qaz sektorunda çalışan ekspert bildirib.

“2017-ci ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin təşəbbüsü ilə bu layihənin digər iştirakçılarını layihə şirkətinin yaradılması ilə bağlı məktub yazmağa nail olunub. Sonradan Bakıda tərəflər layihə şirkətinin yaradılması ilə bağlı saziş məktubu imzalayıblar. Hazırda 4 ildir ki, onlar bu layihə şirkətinin yaratmağa çalışırlar, hələ də yaratmayıblar”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, təbii ki, layihə şirkəti olmadan da layihənin icra və tikintisinin yekunlaşması müddəti ilə bağlı danışmağa dəyməz: “Heç boru kəmərinin texniki layihələndirmə dizaynı da yekunlaşmayıb. İAP layihəsinin texniki dizaynı ancaq boru kəmərinin Xorvatiyadan keçən hissəsində hazırdır. Digər hissəsində isə işlər hələ də yekunlaşmayıb”.

O qeyd edib ki, bu layihədə maliyyələşdirmə, qazın alıcısının kim olacağı məsələlərini həll etmək lazımdır: “Bundan başqa, burada bu qazın bazarını, təbii qazın mənbələrini müəyyən etmək lazımdır. Təbii ki, Avropa Komissiyası bu gecikmələrə çox sərt reaksiya verib və İAP-ı Avropanın prioritet layihələri siyasınından çıxarıb. Azərbaycan tərəfi İAP-ı ərsəyə gəlməsi üçün əlindən gələni etdi. 2015-16-cı illərdə onları bir araya yığıb masa ərtafında oturtdu, tərəflərə konsepsiyanın qurulmasına yardımçı oldu, koordinasiya qurumunun yaradılmasına dəstək oldu. Hətta orada müşahidəçi də oldu. Daha sonra isə onlara cari məsələləri həll edə biləcək layihə şirkətinin yaradılmasını məsləhət görüldü”.

Mütəxəssis qeyd edib ki, İAP boru kəmərinin maliyyələşdirilməsi ilə də bağlı problemlər yarana bilər: “Birinci səbəb, bir daha deyirəm, İAP-ın Avropanın prioritet layihələri siyahısına daxil edilməməsidir. İkincisi, ümumilikdə Avropa strukturlarının təbii qaz da daxil olmaqla, təbii sərvətlərlə bağlı layihələrə zəmanət verməmələridir. Çünki, bu ölkələr daha çox mayeləşdirilimiş təbii qaza (LNG) daha çox üstünlük verirlər. Xorvatiyada Krk yarımadasında LNG-terminalının inşasından sonra bu cür layihələr olduqca böyük uğur qazanmış olublar. Bunun üçün də burada nəzərə alınacaq xeyli faktorlar spektri mövcuddur”.

Ancaq ümumilikdə o düşünür ki, bu layihənin maliyyələşdirilməsindən öncə təşkilatı məsələləri həll etmək lazımdır.

Qeyd edək ki, IAP Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilmək üçün nəzərdə tutulub. IAP Xorvatiya ərazisində 249 km, Monteneqroda 95 km, Albaniyada 167 km, Bosniya və Herseqovinada isə 22 km boyunca uzanacaq. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr olması nəzərdə tutulur. Beləliklə, 530 km uzunluğunda olacaq boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçəcək və Xorvatiyada başa çatacaq. İlkin məlumatlara görə, layihə 610 milyon avro qiymətləndirilir.

2016-cı ilin avqust ayında SOCAR, Xorvatiya, Albaniya, Bosniya və Herseqovina və Monteneqro arasında IAP-ın inşasına dair Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi