Bakı. 30 oktyabr. REPORT.AZ/ "İtaliyanın yeni hökumətinin TAP layihəsini dəstəkləməsi qaz boru kəməri layihəsinin ən yüksək standartlara cavab verdiyini və tikintisinin siyasi dəyişikliklərdən asılı olmayaraq, maraqlı tərəflərlə tərəfdaşlıq çərçivəsində həyata keçirilib tamamlanacağını göstərir".
Bu barədə "Report"a ekspert, Şərqi London Universitetində Neft və Qaz İdarəsi proqramının rəhbəri Slavomir Raşevski bildirib.
Onun sözlərinə görə, Transadriatik Qaz Boru Kəməri (TAP) layihəsi Avropa İttifaqının enerji şaxələndirilməsi siyasətinin mərkəzində yer alır və buna görə də boru kəmərinə Avropa Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən "Ümumi maraqların layihəsi" statusu verilib. Bu statusun verilməsi üçün sərt regional, iqtisadi meyarlara, daşımalarda təhlükəsizlik tədbirlərinə və ekoloji amillərə əməl edilməlidir.
"Şübhəsiz, İtaliya baş nazirinin qərarını həmçinin ağlabatan və praqmatik qərar kimi nəzərdən keçirmək lazımdır: qərar, çox güman ki, enerji və siyasi münaqişələrdən yayınmaqla ölkənin enerji siyasətinin məqsədlərini gücləndirəcək" - ekspert bildirib.
S.Raşevski həmçinin İtaliyanın layihəni təsdiqləməsinin, şübhəsiz ki, Azərbaycan və 4,5 milyard avro dəyərindəki layihədə iştirak edən ölkələr üçün əhəmiyyətli olduğunu qeyd edib: "Bununla Cənub Qaz Dəhlizi konsepsiyası reallıq olacaq və Xəzər dənizinin resursları Avropanın enerji bazarına çatdırılacaq".
Şübhəsiz, İtaliya baş nazirinin qərarını həmçinin ağlabatan və praqmatik qərar kimi nəzərdən keçirmək lazımdır: qərar, güman ki, enerji və siyasi münaqişələrdən yayınmaqla ölkənin enerji siyasətinin məqsədlərini gücləndirəcək
Slavomir RaşevskiEkspert Slavomir Raşevski
"Layihə sayəsində yeni bazarlar əhatə olunur və bu, istehsalçı tələbatının etibarlılığını və səhmdarların iqtisadi dayanıqlığını daha da artırır. Tranzit ölkələr bilavasitə vergilərdən, məşğulluqdan, eləcə də yayılma effektindən (spillover effekti) qazanc əldə edəcək", - ekspert deyib.
İtaliyanın Baş naziri Cüzeppe Konte cümə günü, oktyabrın 26-da Transadriatik boru kəmərinin (TAP) tikintisi üçün İtaliya tərəfindən "yaşıl işıq" yandırıb.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP vasitəsilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin mərəhələdə ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində Transanadolu boru kəmərinə (TANAP) qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
İlk Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı gözlənilir.